“Kanal 13” internet televiziyasının daha bir jurnalisti həbs edilib
“Kanal 13” internet televiziyasının daha bir əməkdaşı həbs edilib. Jurnalist Şamo Eminov barəsində qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb, Amerikanın səsi məlumat verir. Məhkəmə Eminov barəsində 3 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Ailəsinin məlumatına görə, Şamo Eminov dekabrın 22-də Səbail Rayon Polis idarəsinə aparılıb. Şamo Eminov saxlanıldıqdan 4 gün sonra ailəsi ilə Kürdəxanı təcridxanasılndan əlaqə saxlaya bilib, vəkil istəyib.
“Şamo dindirilmə zamanı hədə-qorxuya məruz qalıb və vəkillə təmin edilməyib”, jurnalistin ailəsi qeyd edib.
Rəsmi qurumlar Şamo Eminovun həbsi barədə hələ məlumat yaymayıb.
Hazırda “Kanal 13” İnternet televiziyasının üç əməkdaşı həbsdədir.
“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov noyabrın 27-də saxlanılıb. Bakı Şəhər Səbail Rayon Məhkəməsi onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçib.
Cinayət Məcəlləsinin 188.2 (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma _ icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.
“Kanal 13”-ün əməkdaşı Rüfət Muradlı dekabrın 7-də 30 sutkalıq inzibati həbs cəzasına məhkum edilib. “Kanal 13”-ün direktoru Anar Orucov Rüfət Muradlıya da cinayət işi açıldığını bildirib.
“Şərlənərək inzibati qaydada həbs edilən daha bir əməkdaşımız Rüfət Muradlıya qarşı da cinayət işi başlanıb və rejim Kanal13.TV TV ilə əməkdaşlıq edən digər jurnalistləri də həbsə atacaq. Yaxın günlərdə Əziz Orucovun üzünə qoymaq üçün digər əməkdaşlarımızın da eyni şər-böhtanla həbs ediləcəyi ilə bağlı xəbərlər almışam. Şamo Eminovun nümunəsi göstərir ki, tutulanlar mənəvi təzyiq və hədə-qorxu altında ağır şərtlərdə dindirilirlər!” – deyə Anar Orucov özünün feysbuk səhifəsində yazıb.
Dekabrın 11-də məhkəmə qərarı ilə “Kanal 13”-ə giriş məhdudlaşdırılıb.
“Kanal 13” internet televiziyası 2008-ci il noyabrın 10-dan yayımlanır. Bu televiyanın YouTube kanalında 1 milyon 590 min abunəçisi var. Televizya YouTube kanalında 37 mindən çox video yerləşdirib.
Azərbaycanda son günlərdə 9 jurnalist həbs edilib. Onların demək olar ki, hamısı qaçaqmalçılıqda ittiham olunur. Jurnalsitlər ittihamı qəbul etmir və fəaliyyətlərinin məhdudlasdırılmasına yönəldiyini bildirir.
Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.