AXCP həbsdə olan fəalının karsa salındığını bildirir
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) həbsdə olan fəalı Şahin Hacıyevin cərimə təcridxanasına (kars) salındığını bildirib.
“Fevralın 3-də 6 saylı həbsxananın rəhbərliyi 56 yaşlı Şahin müəllimi karsa salıb. Səbəb kimi Şahin müəllim öz gödəkcəsinin arxa hissəsinə “mən günahsızam” yazması olub. Gödəkcəsini soyundurub müsadirə edəndən sonra, Şahin müəllim jiletinin arxasına “Seçki şou” yazıb və ondan sonra jiletini də əlindən alıb özünü isə karsa atıblar”, – AXCP-nin fevralın 4-də yaydığı məlumatda deyilir.
Öz növbəsində Penitensiar Xidmət Turanın AXCP-nin məlumatı ilə bağlı sorğusuna hələ cavab verməyib.
Şahin Hacıyev 2022-ci il martın 31-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökm ilə 6 il azadlıqdan məhrum edilib.
Məhkəmə Hacıyevi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) təqsirli bilib.
Şahin Hacıyev məhkəmənin hökmü ilə razılaşmayıb və tam günahsız olduğunu bildirib.
“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Turana bildirib ki, ittiham məhkəmə istintaqı zamanı sübut olunmayıb.
Hüquq müdafiəçiləri Şahin Hacıyevi siyasi məhbus kimi tanıyıblar.