Tramp məhkum olunduğuna görə hər 10 respublikaçıdan birinin səsini itirə bilər – Sorğu

 

ABŞ-da Respublikaçıların prezidentliyə namizədi Donald Trampın məhkəmədə münsiflər heyəti tərəfindən təqsirli sayılması, qarşıdan gələn seçkilərdə onun səslərinin azalmasına səbəb ola bilər.

Reuters/Ipsos sorğu xidməti münsiflər heyətinin həmin qərarında dərhal sonra ictimai rəyi araşdırıb.

İki gün ərzində keçirilən sorğunun nəticələrinə əsasən, qeydiyyatdan keçmiş respublikaçı seçicilərin 10 faizi Donald Trampın porno ulduza edilən ödənişi gizlətmək üçün biznes qeydlərini saxtalaşdırmaqda təqsirli bilinməsindən sonra, ona səs vermək ehtimalının azaldığını bildirib.

Respublikaçı seçicilərin 56 faizi bu qərarın onların rəyinə təsir etməyəcəyini, 35 faizi isə qərara rəğmən Trampa səs vermək  ehtimalının yüksək olduğunu açıqlayıb.

Bitərəf seçicilər arasında Trampın səs itkiləri daha böyük ola bilər. Sorğuya əsasən, qeydiyyatdan keçmiş bitərəf seçicilərin 25 faizi Trampın məhkumluğunun noyabrda onun dəstəklənmə ehtimalını azaltdığını qeyd edib.  18 faiz bu qərara rəğmən, Trampa səs verilməsi ehtimalının daha yüksək olduğunu,  56 faiz isə bu məhkumluğun onların səsinə təsir etməyəcəyini bildiriblər.

Sorğunun təhlili göstərir ki, sözügedən hökm 5 noyabr seçkilərində  ABŞ-ın sabiq prezidenti Trampla Demokratlar Partiyasından olan prezident Co Bayden arasında rəqabətin həlledici amilinə çevrilə bilər.  Çünki, ABŞ-da prezident seçkilərinin taleyini adətən bir neçə  ştatda əldə edilmiş cüzi üstünlük həll edir. Yəni hətta az sayda seçicinin öz namizədindən üz döndərməsi, nəticələrə böyük təsir göstərə bilər.

Sorğunun nəticələrinə görə, Bayden və Tramp arasında gərgin rəqabət davam edir, seçicilərin 41%-i seçki bu gün keçirilsə, Baydenə, 39%-i Trampa səs verəcəklərini deyib. Sorğu ölkə üzrə 2556 ABŞ vətəndaşını əhatə edib.

Mənbə: Reuters