Dağıstanda terror aktları: ölənlərin sayı artır

Dağıstanın rəhbəri Sergey Melikov bildirib ki, iyunun 23-də silahlıların hücumu zamanı polis əməkdaşları və bir neçə mülki şəxs həlak olub, antiterror əməliyyatı zamanı isə altı hücumçu öldürülüb.

“Dağıstanda 15-dən çox polis əməkdaşı bugünkü terror aktının qurbanı olub”, – deyə respublika başçısı Telegram kanalında yayımladığı videomüraciətdə bildirib.

Onun sözlərinə görə, toqquşmalar zamanı “bir neçə mülki şəxs” öldürülüb; Dağıstanın rəhbəri qeyd edib ki, həlak olan mülki şəxslər arasında  40 ildən artıq Dərbənddəki pravoslav kilsəsində xidmət etmiş keşiş də var. Dağıstan rəhbəri əlavə edib ki, ölən və yaralananların ailələrinə maddi yardım göstəriləcək.

***

Avtomatlarla silahlanmış naməlum şəxslər Dərbənddə pravoslav kilsəsinə və sinaqoqa, həmçinin Mahaçqalada yol polisi postuna və kilsəyə hücum ediblər.

Bununla bağlı Rusiya Federasiyası İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıb. Dağıstanda antiterror əməliyyatı rejimi elan edilib.

İlkin məlumatlara görə, 9 nəfər ölüb, onlardan 7-si polis əməkdaşıdır. 25 nəfər yaralanıb. Bundan əlavə, silahlıların Dərbənddə pravoslav kilsəsinin rektorunu öldürdüyü məlumdur.

Mahaçqalada terrorda şübhəli bilinən iki nəfər öldürülüb, Dağıstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Şəhər çimərliyində hücumda iştirak edən daha iki nəfər saxlanılıb.

Dərbənddə, KİV-in məlumatına görə, silahlıların sığındığı binaya basqın olub. Şəhərin mərkəzi hissəsi elektriksiz qalıb. Dərbənd və Mahaçqala küçələrində hərbi texnika görüntülənib.

Versiyalardan birinə görə, hücum edənlərin “beynəlxalq terror təşkilatları” ilə əlaqəsi ola bilər.

Dağıstanın Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərov istefa ərizəsi yazıb. KİV-in məlumatına görə, hücumda onun iki oğlu iştirak edib. Onlar öldürülüb.