Daha bir jurnalist “Abzas Media” işi ilə bağlı dindirilib
Dekabrın 5-də jurnalist Şəmistan Həziyev “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı, direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov və jurnalist Nərgiz Absalamovanın həbsi ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) şahid qismində dindirilib.
Şəmistan Həziyev bildirib ki, istintaqda bəzi suallar verilib, o da sualları səmimi şəkildə cavablandırıb.
“Cavabını bildiyim sualları cavablandırdım, sadəcə istintaq sirri olduğu və iltizama qol çəkdiyim üçün detallarla bağlı heç nə deyə bilmirəm. Əsasən isə “Abzas Media” işi ilə bağlı suallar idi”, o bildirib.
Xatırlatma
Noyabrın 23-də Xətai Rayon Məhkəməsi “Abzas Media”nın direktor müavini Məhəmməd Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Noyabrın 22-də Daxili İşlər Nazirliyi bildirib ki, onun barəsində 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə cinayət işi başladılıb.
Məhəmməd Kekalovun noyabrın 20-də mülki geyimli şəxslər tərəfindən evindən zorakılıqla aparıldığı bildirilir. Ailəsinin məlumatına görə, ondan 2 gün xəbər almaq mümkün olmayıb. Ailəsi və yaxınları ona işgəncə verilməsindən narahat olduqlarını bildiriblər.
Noyabrın 23-də Məhəmməd Kekalovla görüşən vəkil Rövşanə Rəhimli jurnalistlərə bildirib ki, Məhəmməd ondan vəkil kimi imtina etdiyini deyib.
Noyabrın 21-də Xətai Rayon Məhkəməsi “Abzas Media” xəbər saytının direktoru Ülvi Həsənli barəsində 4 ay, saytın baş redaktoru Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Hər iki jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunurlar.
Jurnalist Nərgiz Absalamova isə noyabrın 30-u Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və daha sonra saxlanılıb. Dekabrın 1-də Xətai Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. “Abzas Media”nın həbs edilən digər jurnalistləri kimi Absalamovaya qarşı da “qaçaqmalçılıq” ittihamı irəli sürülüb.
Noyabrın 20-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının “Abzas Media”nın ofisində axtarış zamanı 40 min avro müəyyən etdiyi iddia olunur. Ülvi Həsənli pul vəsaitinin ona aid olmadığını bildirib. Həsənli və Vaqifqızı onlara qarşı ittihamı qəbul etmir və bunun “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.
Amerikanın səsi