Putin Bakıya niyə gəlib?
Rusiya ərazilərinin Ukrayna ordusu tərəfindən ələ keçirildiyi, yüz minlərlə vətəndaşın öz ev-eşiyindən qaçqın düşdüyü, insanların Putindən təcili tədbirlər gözlədiyi bir məqamda, Rusiya prezidenti Azərbaycana iki günlük səfərə gəlib.
Putin özünün 25 illik hakimiyyəti dövründə heç vaxt indiki qədər çətinə düşməyib. Təsəvvür edin sərhədçilər əsir düşüb, kadırovçular döyüşdən yayınıb, köməyə göndərilən əsgərlərin hərbi kolonu məhv edilib.
Belə bir durumda Putin Bakıda nə axtarır?
Təbii, rəsmi protokolda elan olunduğu kimi, görüşdə Azərbaycan-Ermənistan tənzimlənməsi və digər məsələlər müzakirə olunacaq. Amma Putinin əsas dərdi bu deyil.
Yadınızdadırsa, Putin regiona son səfərini İrana etmişdi və Xameneyinin qarşısında alçaldıcı pozada oturaraq, onu Rusiyaya gizlincə ŞAHED PUA-ları və raketlər satmağa razı salmışdı. Bu yaxınlarda Şimali Koreyaya da səfər edib, oradan da raketlər almışdı. Ehtimal edirəm ki, Putinin Bakıya səfəri də ilk növbədə onun silaha və pula olan ehtiyacları ilə bağlıdır.
Moskva Kursk vilayətindəki Ukrayna briqadalarının qarşısına lap yüz minlik də qoşun çıxara bilər – Rusiyada hakimiyyətin ətlik kimi istifadə edəcəyi resurs çoxdur. Amma problem ondadır ki, onları silahlandırmaq, yeni cəbhə xəttinə əlavə pul ayırmaq lazımdır. Bu isə yoxdur.
Kurskda onlarla yaşayış məntəqəsi ələ keçiriləndən sonra Kremlin ləng davranışı onu göstərir ki, Rusiya tükənib. İki il yarımdır Ukrayna ordusu işğalçı Rusiyanın təkcə canlı qüvvəsini yox, texnikasını, maddi resurslarını sıradan çıxarır. Ukrayna ordusu PUA-lar vasiəsilə Rusiya ərazisindəki neft bazalarına zərbələr endirməklə, Moskvanı əsas gəlir mənbəyinə də ziyan vurur.
Belə bir vəziyyətdə Putinin Bakıya iki günlük səfəri “saman çöpünə əl atmaqdır”. Çünki, o, Bakıdan əli boş qayıtmasa belə, hər halda üzləşdiyi problemi həll edə biləcəyi həcmdə dəstək ala bilməyəcək. Çünki rəsmi Bakı Qərbə qarşı gecə-gündüz təbliğat aparsa da, Putinin indiki ağır günündə, onun yanında Qərblə üz-üzə dayanmayağa risk etməyəcək.
Mustafa Hacıbəyli
Basta