Yalnız Covid pasportu olanların müraciətinə baxılacaq

Avqustdan 16-dan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) qəbul mərkəzlərində və DOST mərkəzlərində yalnız Covid pasportu olanların müraciətlərinə baxılacaq.

“Vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduqları halda həyata keçiriləcək”, ƏƏSMN-in bu gün yaydığı məlumatda bildirilib.

 

“Eyni zamanda, vətəndaşların Nazirliyin elektron xidmətlərinə etdikləri müraciətlərə baxılması da COVİD-19 pasportuna malik olmaları barədə məlumat daxil edildiyi (o cümlədən ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciət zamanı Ərizə-bəyannamədə qeyd edildiyi) halda həyata keçiriləcək”, məlumatda deyilir.

Nazirlik qeyd edib ki, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində tətbiq olunan bu qayda “əhalinin sağlamlığının qorunması məqsədilə aparılan vaksinasiya prosesində vətəndaşların daha fəal iştirakının təşviq edilməsinə, özlərinin və ətrafdakıların pandemiyadan qorunmasına münasibətdə məsuliyyətin artırılmasına” xidmət edir.