Arif Hacılı: “Seçkidə həm hakimiyyətin, həm də iştirak etməyənlərin hədəfində olsaq da…”
Son seçkilərdə ölkənin əsas böyük şəhərlərindən və bəzi rayonlarından qeydə alınan 25 namizədimizlə iştirak etdik.
(Allah müəmmalı avtoqəza nəticəsində həlak olan namizədimiz, professor Nəsiman Yaqubluya rəhmət eləsin)
Həm İmzaların toplanması, həm də təşviqat kampaniyası dövründə bütün əngəllərə baxmayaraq yüz minlərlə, bəlkə də daha artıq seçici ilə birbaşa təmas imkanlarımız oldu.
Partiyanın mükəmməl seçki platformasını müstəqil saytlar, sosial media, internet resursları, təşviqat materialları və seçicilərlə birbaşa təmaslar vasitəsi ilə təqdim etdik.
Hədəflərimiz, ölkədə azad və ədalətli cəmiyyətin, hüquqi dövlətin qurulması uğrunda mübarizəmizin mahiyyəti, avtoritar idarəçiliyin ağır fəsadları barədə düşüncələrimizi çox sayda vətəndaşlarımıza çatdıra bildik.
Seçki kampaniyası dövründə və seçki günü prosesdə iştirak edən minədək müşahidəçimiz, səlahiyyətli nümayəndələrimiz vasitəsi ilə çoxsaylı qanun pozuntuları və saxtakarlıqlar barədə faktları aşkarlayaraq ictimailəşdirdik.
Seçkilərdə yol verilən qanun pozuntuları və saxtakarlıqlar barədə ən ciddi məlumatlar Müsavatdan olan müşahidəçilər və Müsavatın seçki qərargahı tərəfindən yayıldı.
Müsavat Partiyasının namizədlərinin və müşahidəçilərimizin seçki prosesində aşkarlayaraq ictimailəşdirdiyi faktlar, Müsavat Partiyasının bu barədə yaydığı hesabatlar, açıqlamalar seçkilərin əsil mahiyyətinin üzə çıxarılmasında mühüm rol oynadı.
Seçkilərdə iştirakımızla iqtidarın seçkiləri xalqa dəxli olmayan, yalnız hakimiyyətə aid vaxtaşırı siyasi prosedura çevirmək siyasətinin ictimai şüurda daha da möhkəmlənməsinə imkan vermədik.
Müsavat Partiyasının və seçkilərdə iştirak edən ayrı-ayrı namizədlərin fəaliyyəti hesabına cəmiyyətdə hakimiyyətə etimadın olmadığı, indi Milli Məclisdə təmsil olunan deputatlara öz seçki dairələrində olan seçicilərin heç 5 faizinin də səs vermədiyi üzə çıxdı.
44 gün Vətən Müharibəsindən sonra hakimiyyətin cəmiyyət arasında misilsiz nüfuzu barədə yayılmasına cəhd edilən mif dağıldı.
Bütün seçki kampaniyası dövründə yalnız hakimiyyətin deyil, həm də seçkidə iştirak etməyənlərin hədəfində olsaq da yenə zaman bütün daşları öz yerinə qoydu.
Hakimiyyət seçkilərin uydurulmuş nəticələri ilə hədəfində olan əsad siyasi qüvvənin yenə də Müsavat Partiyası olduğunu bir daha təsdiqlədi.
Azad, demokratik, firavan Azərbaycan uğrunda mübarizəmiz bundan sonra da və daha qətiyyətlə davam edəcək.
Bu Vətən Bizimdir!
Yazı Müsavatın Məclis sədri Arif Hacılının feysbuk səhifəsindən götürülüb.