Müsavat Partiyasının seçkilərlə bağlı ilkin Rəyi
Müsavat Partiyası Mərkəzi Seçki Qərargahının 1 sentyabr 2024-cü il tarixli Azərbaycan Milli Məclisinə növbədənkənar deputat seçkiləri ilə bağlı
İLKİN RƏYİ
Azərbaycan Respublikası Milli Məclisinə 1 sentyabr 2024-cü il tarixli növbədənkənar deputat seçkiləri azad və ədalətli seçkilərin keçirilməsi üçün seçkiqabağı demokratik mühitin olmadığı, demokratik qanunvericilik bazasının, bərabərhüquqlu siyasi rəqabət imkanlarının təmin edilmədiyi şəraitdə keçirilib.
Seçki ərəfəsində ölkədə sərbəst toplaşma hüququ, söz və ifadə azadlığı təmin edilməyib,
Müxalifətdə olan siyasi partiyalara, müstəqil ictimai təşkilatlara, jurnalistlərə, hakimiyyətin siyasətini tənqid edən sosial media istifadəçilərinə qarşı təzyiq və təqiblər davam edib.
Siyasi məhbuslar azadlığa buraxılmayıb, əksinə onların sayı son dövrlərdə daha da artıb.
Siyasi və ictimai təşkilatların, o cümlədən Azərbaycanın üzv olduğu beynəlxalq qurumların seçki qanunvericiliyində demokratik islahatların aparılması ilə bağlı təklif və tövsiyyələri nəzərə alınmayıb.
Seçki islahatlarının aparılmaması nəticəsində ölkədə proporsional seçki sistemi bərpa edilməyib, ölkə əhalisinin sayı son onilliklər ərzində xeyli artsa da Milli Məclis üzvlərinin sayı dəyişilməyib, bütün seçki komissiyaları və oradakı vəzifələr həlledici səs çoxluğu ilə hakimiyyətin nəzarəti altında qalıb.
Son dövrlərdə Azərbaycanda keçirilən seçkilərin, referendumların nəticələrini saxtalaşdırdıqları barədə çoxsaylı faktların mövcud olduğu seçki komissiyalarının tərkibi dəyişdirilməyib.
Xüsusilə, Bakı və digər böyük şəhərlərdə təşkil olunan seçki komissiyalarının tərkibi müvafiq seçki dairəsinin ərazisində qeydiyyatda olmayan şəxslərdən təşkil edilib ki, bu da Seçki Məcəlləsinin 36.2. maddəsinə ziddir.
Namizədlərin irəli sürülməsi və imzatoplanması kampaniyası dövründə müxalifətdən olan və müstəqil namizədlər bir çox bürokratik əngəllərlə üzləşib.
Xüsusilə partiyalardan olan namizədlərdən çoxsaylı, həm də notariuslar və banklar tərəfindən təsdiq olunacaq sənədlərin tələb olunması onlar üçün əlavə çətinliklər yaradıb.
Bəzi hallarda yalnız müxalifət nümayəndələrindən deyil, müstəqil olaraq namizədliyini irəli sümüş şəxslərdən də namizədlikdən imtina etmələri tələb olunub.
Müsavat Partiyası tərəfindən irəli sürülmüş, seçici imzaları və qanunda nəzərdə tutulan sənədləri DSK lara təqdim etmiş bəzi namizədlər müxtəlif bəhanələrlə qeydə alınmayıb.
Müsavat Partiyası seçkilərdə ölkənin müxtəlif şəhər və rayonlarını əhatə dairələrindən qeydə alınmış 25 namizədi ilə iştirak edib.
Müsavat Partiyasının 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədi, professor Nəsiman Yaqublu seçki gününə bir həftə qalmış Zəngilan rayonunda seçicilərlə görüşdən qayıdarkən müəmmalı yol qəzasında həlak olub.
Seçki kampaniyası dövründə mamizədlərin öz platformalarını seçicilərə çatdırmaq və seçki təbliğatı aparmaq imkanları məhdudlaşdırılıb.
Bu məqsədlə yerli televiziyalarda pulsuz efir vaxtı ayrılmayıb.
Seçki qanunvericiliyinə görə təşviqat kampaniyası dövrü 23 günə endilib. Təşviqat materiallarının yayılmasısı üçün məhdud sayda yerlər ayrılıb.
Müsavat Partiyasından olan və müstəqil müşahidəçilərin verdiyi məlumata görə seçki günü seçici fəallığı aşağı səviyyədə olub.
Seçkilərin nəticələrinin daim saxtalaşdırıldığı, nəticələrin seçici bülletenlərindəki göstəricilərə görə deyil, MSK və DSK-lardan verilən uydurma rəqəmlərə uyğun olaraq elan edildiyi qənaətində olan seçicilərin böyük əksəriyyəti seçkilərdə iştirak etməyib.
Əksər seçki dairələrində seçici qrupları yaradaraq həyata keçirilən “karusel” əməliyyatı vasitəsi ilə də seçici fəallığı görüntüsü yaratmaq mümkün olmayıb.
Müşahidəçilərin verdiyi məlumata görə bəzi seçki məntəqələrinə hətta saatlarla heç bir seçicinin gəlmədiyi hallar da olub. Halbuki, MSK nın seçici fəallığı barədə verdiyi məlumatlar doğru olsa, adi riyazi hesablamalara görə seçki məntəqələrinin qarşısında uzun növbələr yaranmalı idi.
Seçki günü Müsavat Partiyasından olan və müstəqil müşahidəçilər seçici qruplarının müxtəlif məntəqələrdə dəfələrlə səs verməsinə şərait yaradılması, seçki qutularına topa halında seçki bülletenlərinin atılması kimi hallar barədə çoxsaylı faktlar əldə edib.
Bu hallar barədə çoxsaylı aktlar tərtib edilib, videogörüntülər intetnet resursları vasitəsi ilə yayılıb.
Seçki məntəqələrində seçkilərdən sonra seçici səsləri qanunun tələblərinə uyğun olaraq sayılmayıb.
Müsavat Partiyasının namizədləri olan seçki dairələrinin əksər məntəqələrində məntəqə seçki komissiyaları səsvermə başa çatdıqdan sonra səslərin sayılmasından, protokolların tərtib olunmasından imtina edib.
Məntəqə seçki komissiyalarının sədrləri Seçki Məcəlləsinin seçicilərin səslərinin hesablanmasının birbaşa seçkilərə yekun vurulanadək fasiləsiz aparılması barədə 106.5. madəsini kobud surətdə pozaraq qeyri-müəyyən müddətə fasilə elan edib, səslərin sabah sayılacağını və bundan sonra protokolların yazılacağını bildirərək müşahidəçilərin məntəqələrdən çıxmasını tələb ediblər.
Belə qanun pozuntuları 8 saylı Binəqədi birinci, 21 saylı Nəsimi-Binəqədi, 17 saylı Yasamal, 31 saylı Suraxanı və digər seçki dairələrində kütləvi hal alıb.
Əksər seçki dairələrinin yalnız vebkameraların olduğu seçki məntəqələrində səslər sayılıb ki, bu məntəqələrdə də müşahidəçilər seçki bülletenlərində hansı namizədə səs verildiyinin görünməsi mümkün olmayan, uzaq məsafədə saxlanılıb.
Seçkilərin nəticələri barədə protokollar tərtib olunaraq müşahidəçilərə təqdim edilməyib.
Karbonlaşdırılmış protokollar seçki məntəqələrindən asılmayıb.
Seçkilərin ilkin nəticələri seçki qutularında olan bülletenlərin sayılması yolu ilə deyil, yuxarıdan diqtə edilmiş uydurma rəqəmlərə uyğun olaraq elan olunub.
NƏTİCƏ
1 sentyabr 2024– cü il tarixli Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar deputat seçkiləri azad və ədalətli olmayıb.
Seçkilər beynəlxalq demokratik standartlara, hakimiyyətin Azərbaycan dövlətinin üzv olduğu beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə cavab verməyib.
Müsavat Partiyası azad və ədalətli olmayan, qeyri-demokratik, xalqın azad iradəsini əks etdirməyən seçkilər nəticəsində formalaşan Milli Məclisi Azərbaycan Respublikasının legitim qanunverici orqanı hesab etmir.
Müsavat Partiyası 1 senyabr 2024-cü il tarixində keçirilən Azərbaycan Milli Məclisinə növbədənkənar deputat seçkilərin nəicələrinin ləğv edilməsini, ölkədə hüquqi dövlət, demokratik cəmiyyətin qurulmasını təmin edəcək islahatların, o cümlədən seçki islahatlarının aparılmasını, Azərbaycan Milli Məclisinə yeni seçkilərin keçirilməsini tələb edir.
2 sentyabr 2024-cü il
Basta2