Azərbaycanda koronavirus statistikasında artım müşahidə edilir

Sentyabrın 24-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 39 686 nəfərin koronavirus infeksiyasına yoluxma faktı müəyyən edilib, onlardan 37 255 nəfər müalicə olunaraq sağalıb, 581 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 1 850-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 618, bu günə qədər isə ümumilikdə 1 080 873 test icra olunub.

Təhsil Nazirliyi də ölkədə ümumi təhsil müəssisələrində koronavirusa yoluxma ilə bağlı son vəziyyəti açıqlayıb.

Təhsil Nazirliyinin məlumatına görə, sentyabrın 24-də 94 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub. 19 şagird və 3 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçirilmiş siniflərin sayı 3 olub.

Bu günə qədər distant təhsilə keçən siniflərin sayı 9, məktəb sayı isə 1-dir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Ölkədə karantin rejimi tətbiq edilib və karantin rejimi sentyabrın 30-dək davam edəcək.

Sentyabrın 8-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla) və bununla da ölkə ərazisində hərəkət tam bərpa edilir.

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-dən saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilir.

Sentyabrın 14-də Bakıda metronun hərəkəti bərpa edilib. Karantin dövründə şənbə və bazar günləri ictimai nəqliyyat işləmir.