Azərbaycanda 418 milyon manatı mənimsəməkdə ittiham olunan yüksək vəzifəli məmurlara şərti cəza verilib
Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi hakim Faiq Heydərovun sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının (MR) keçmiş maliyyə naziri Rəfael Əliyev və Naxçıvan Gömrük Komitəsinin keçmiş şöbə rəisi Mansur Əsgərovun cinayət işi üzrə hökm çıxarıb.
Hökmə görə, Rəfael Əliyev və Mansur Əsgərovun Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə təqsirli bilinərək hər biri 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən hər iki şəxsin cəzasını şərti hesab edib.
Bu barədə Naxçıvan Ağır Cinayət Məhkəməsinin rəsmi internet saytında məlumat yayılıb.
Hökmdə deyilir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq bankdakı depozit hesabında saxlanılan, təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş əlli iki milyon yetmiş altı min manat pul vəsaiti Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən müsadirə olunaraq Azərbaycan dövlət büdcəsinə köçürülsün.
İttiham aktına götrə, keçmiş maliyyə naziri Rəfael Əliyev 145 milyon manat, Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin keçmiş rəisi Mansur Əsgərov 273 milyon manat dövlət vəsaitini mənimsəməkdə günahlandırılır.
Cinayət işinin materiallarında deyilir ki, Naxçıvana gətirilən, ixrac edilən və tranzit nəqliyyat vasitələri ilə keçən mallara dair bilgilər qanunla müəyyənləşdirilmiş qaydada mərkəzləşdirilmiş sistemə daxil edilməli idi. Ancaq Naxçıvan Gömrük Komitəsi qanunsuz şəkildə özbaşına alternativ proqram (qara mühasibatlıq-red) yaradıb və hesabatlar ora daxil edilib. Büdcəyə isə gələn vəsaitlərin cüzi bölümü köçürülüb.
Özünü qismən təqsirli bilən Əsgərov məhkəmədə deyib ki, 2020-ci ildə gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi təyin olunarkən Naxçıvan MR Gömrük Komitəsinin sədri Səhhət Həbibbəyli onu qəbul edərək proqramdankənar rüsumların toplanması və ona çatdırılması barədə tapşırıq verib.
“Şöbə rəisləri toplanan pulları sistemlə eyniləşdirmə aparılması üçün mənə gətirirdi. Mən də eyniləşdirmə başa çatandan sonra sistemdən çıxan hesabatla birlikdə idarə rəisinə verirdim. İdarə rəisi də komitə sədrinə çatdırırdı. Komitə sədri idarə rəisinə göstəriş vermişdi ki, gündəlik 5-10 maşın rəsmi proqrama daxil edilsin, qalan maşınlarsa qeyri-rəsmi proqrama işlənsin”.
Mansur Əsgərov vurğulayıb ki, toplanan pulun üstündən onun bir manat da götürməyə ixtiyarı yox idi, çünki qeyri-rəsmi sistemi səlahiyyətli şəxslərin hamısı, o cümlədən komitə sədri görürdü və hesabatlar təqdim olunurdu.
“Generalın verdiyi tapşırığı icra etmişəm. Sadəcə şöbə rəisi olduğum iki il ərzində aylıq 3 min manat paketdə pul almışam”, o qeyd edib.
Keçmiş nazir Rəfael Əliyev də özünü qismən təqsirli bilib. Nazir olanadək 11 il gömrük orqanlarında çalışdığını deyən Əliyev bu sistemdəki proseslərlə bağlı Mansur Əsgərovun dediklərini təsdiqləyib və əlavə edib ki, manatla toplanan vəsaitləri dollara çevirərək hesabatla birlikdə komitə sədrinə təqdim edib.
“Toplanan vəsaitin sistem üzrə hesabatlarla təhvil verilməsinə, dəfələrlə aparılan üzləşmələrə görə həmin puldan 1 manat da götürmək mümkün deyildi”, o deyib.
Rəfael Əliyev 2020-2022-ci illərdə nazir işlədiyi dövrdə müxtəlif dövlət orqanları üçün alınan malların qiymətlərinin şişirdilməsi, şirkətlərin hesabına köçürülmüş vəsaitlərin 10 faizinin geri alınması kimi üsullarla 3 milyon manatdan çox yeyintidə suçlansa da, bu ittihamı qəbul etməyib.
Əliyev məhkəmədə bildirib ki, ittihamda onun nazir olduğu dövrdə 3 milyon 120 min manat mənimsədiyi göstərilib.
“Bu pulu özüm götürməmişəm, Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymur Talıbova vermişəm”, o qeyd edib.
Əliyev məhkəmə heyətinin diqqətinə çatdırıb ki, 2020-ci il avqustun 19-da maliyyə naziri təyin olunarkən bir sıra dövlət qurumunda qiymətlərin şişirdildiyini görüb və bu barədə Seymur Talıbovu bilgiləndirib.
“Məndən əvvəl də 10 faizlə işləmək təcrübəsi vardı. Həmin 10 faizlər də Naxçıvan Maliyyə Nazirliyinin xəzinədarlıq şöbəsinin müdirinə təhvil verilirdi. Bunlar yığıldı, ortalama 3 milyon 120 min oldu. Onu da hesabatla birlikdə şəxsən Seymur Talıbova təqdim etmişəm”.
Rəfael Əliyev deyib ki, maliyyə naziri işlədiyi dövrdə maaşı 2 min 300 manat olub. Amma hər ayın sonunda Seymur Talıbov sürücüsü vasitəsilə ona 15 min manat paketdə əlavə pul göndərib.
“O puldan da nazirlikdə əməkdaşlara verirdim – 1200 manat müavinə, 1200 manat xəzinədarlıq şöbəsinin müdirinə, 1000 manat büdcə şöbəsinin müdirinə. Özümə cəmi 7 min 500-8 min manat qalırdı”, o qeyd edib.