İlham Əliyev İranın üzr istəməsini tələb edir
Prezident İlham Əliyev deyib ki, İran Azərbaycandan üzr istəməlidir.
Əliyev İranın ali dini liderinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amelinin də qatıldığı tədbirdə Azərbaycan və onunla bağlı səslənmiş ifadələri “təhqir” adlandırıb.
“O ki, qaldı, əyalət mollasının bizə qarşı nifrət münasibətinə, bu, birinci dəfə deyil. Ərdəbil şəhərinin o mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı”, – o, yanvarın 7-də yerli televiziyalara müsahibəsində deyib.
“Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir. Axı o, özbaşına gəlib orada oturmayıb. Onu kim təyin edir, biz yaxşı bilirik. Onun reaksiyası nədir, o, bunu dəstəkləyir, yoxsa yox və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox?” -deyə Əliyev sual edib
Seyid Həsən Ameli İranın ali dini lideri Ayətullah Xameneyi tərəfindən Ərdəbilə nümayəndə təyin edilib.
İlham Əliyev deyib ki, baş verənlərlə bağlı İranın Xarici İşlər Nazirliyinin açıqlamasındakı “təəssüf hissi” kifayət deyil.
“Burada açıq təhqir olub: həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar. Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir”, – Əliyev bildirib.
Dekabrın 29-da İranın Ərdəbil şəhərində 500 il əvvəl Səfəvi və Osmanlı imperiyaları arasında baş verən Çaldıran döyüşünün anım mərasimi keçirilib. Tədbirdə Türkiyə və Azərbaycana, həmçinin hər iki ölkənin prezidentlərinə qarşı ittihamlar səsləndirilib.
Bundan sonra İranın Azərbaycandakı səfirliyinin rəsmisi Xarici İşlər Nazirliyinə çağrılıb. XİN həm də İrana sərt xəbərdalıq edilib.