Ukrayna iki cəbhədə vuruşur
Putinin bəyan etdiyi hədəflər, Ukrayna ərazilərinin bir hissəsini işğal edib Rusiyaya qatmaq, Ukraynada hakimiyyəti dəyişmək, bu ölkəni silahsızlaşdırmaq və NATO ya yolunu kəsməkdir.
Tramp sülh danışıqları tələb edir.
Amma hələ danışıqlar başlamamış Ukraynaya yardımı dayandırır, Zelenski hakimiyyətinin legitimliyini şübhə altına alır, bəyan edir ki, Ukrayna NATO üzvlüyünü unutmalı, ərazilərinin bir hissəsindən imtina etməli, ABŞ ın Ukraynaya müharibənin əvvəlindən verdiyi yardımın 5 mislini bu ölkəyə qaytarmalıdır.
Əvəzində isə heç nə.
Hər iki tərəfin tələbləri bir-birilə səsləşir və ya biri digərini tamamlayır.
Zelenskinin təhlükəsizlik təminatı tələblərinə Tramp belə cavab verir.
“Putin mənə hörmət edir, o müharibəni dayandıracaq, səbəbini isə yalnız mən bilirəm.”
Tramp admnistrasiyası hələlik Rusiyaya qarşı hər hansı tələb irəli sürməyib.
Təhlükəsizlik təminatı məqsədi ilə Ukrayna ərazisinə Britaniya və Fransa hərbi qüvvələrinin gətirilməsinə Lavrovun sərt və birmənalı rədd cavabı da Tramp admnistrasiyası tərəfindən sükutla qarşılandı.
Tramp admnistrasiyasının hədəfi təzyiq yolu ilə Ukraynanı kapitulyasiyaya məcbur etmək, müharibəni dayandırmaq və Ukrayna ərazisində olan maddi sərvətləri Rusiya ilə bölüşdürməkdir.
Ukrayna uran ehtiyatları olan ilk 10 ölkə sırasına daxildir.
Uran mühüm enerji resursu olaraq xüsusi əhəmiyyətə malikdir.
ABŞ bu məhsulu əsasən Kanadadan, Rusiyadan, Avstraliyadan və Qazaxıstandan idxal edirdi.
Rusiyaya sanksiyaların tədbiq edilməsi, Kanada və Avstraliya ilə münasibətlərdə son dövrlərə yaranmış gərginlik ABŞ üçün uran idxalı imkanlarını məhdudlaşdırıb. Qazaxıstan Çin və Türkiyənin təsir imkanları olan dövlətdir.
İndiki şəraitdə ABŞ üçün Ukraynanın nadir torpaq mineral ehtiyatları, həmçinin uran xüsusi əhəmiyyət kəsb edir.
Uran ehtiyatlarının bir hissəsi Ukraynanın işğal altında olan ərazisindədir.
Bu baxımdan söhbət yalnız qeoplitik maraqların deyil, həm də maddi sərvətlərin bölüşdürülməsindən gedir.
Əgər Trampın Ukrayna planı baş tutarsa bu ölkə hərbi-siyasi baxımdan Rusiyanın, iqtisadi baxımdan ABŞ ın nəzarəti altına düşəcək.
Məncə prezident Zelenski və Ukrayna xalqı bunu aydın dərk edir.
Süni yolla yaradılmış konfliktin səbəbi də kostyumda və ya danışıqlar zamanı işlədilən hər hansı ehtiyatsız ifadədə deyil, Zelenskinin bu planı qəbul etməməsindədir.
“Bloomberg” bu taktikanı “danışıqlarda mafioz stili” adlandırır.
Təsadüfi deyil ki, Rusiyanın seçdiyi məkanda, Səudiyyə Ərəbistanında keçiriləcək ABŞ-Ukrayna danışıqlarında bu ölkənin nümayəndə heyətinə Trampın köhnə biznes ortağı da daxil edilib.
Doğrudan da milyonlarla insanın taleyi, 3- cü dünya müharibəsi təhlükəsi ilə oyun oynanılır, hələlik bu oyunda Trampın dediyi kimi güclü kartlar öz üzərilərində olan böyük məsuliyyəti dərk etməyənlərin əlindədir.
Bu siyasətə Pespublikaçılar partiyasının daxilində olan Reyqan qanadının hələlik ehtiyatlı etirazları, Avropa ölkələrinin toparlanma cəhdləri və Ukrayna xalqının fədakarlığı ümid yaradır ki, gözlənilən təhlükələri önləmək imkanları hələ tükənməyib.
Yazı Müsavat Məclisinin sədri Arif Hacılının feysbuk səhifəsindən götürülüb