Müsavat Divanının gündəliyi
Martın 10-da Müsavat Partiyası Divanının iclası keçirilib. İclasda əvvəlcə görülən işlər müzakirə olunub.
Qeyd edilib ki, partiyanın 2024-cü il üçün maliyyə hesabatı qanuna uyğun olaraq MSK-ya təqdim olunub.
Partiyanın Ağsu, Qəbələ və İsmayıllı rayon təşkilatları onlara qərargah üçün yer ayrılması üçün yerli icra hakimiyyətlərinə müraciət ediblər.
Martın 15-də saat 11:00-da Müsavat Məclisinin sessiyasının keçirilməsinə qərar verilib. Məclisin gündəliyinə dair təkliflər irəli sürülüb.
İclasda Müsavat Partiyasının üzvü Tofiq Yaqubluya qarşı qaldırılan əsassız cinayət işi üzrə məhkəmə, eləcə də Natiq Ulubəyin xüsusi amansızlıqla qətlə yetirilməsinə dair iş üzrə məhkəmənin gedişatı barədə məlumat verilib.
Keçmiş siyasi məhbus Elgiz Qəhraman cinayət məsuliyyətinə cəlb edilib. Onun son dövrdə həbs edilən jurnalistlər və ictimai fəallar üçün ənənəvi olan “qaçaqmalçılıq” və digər cinayətlərdə ittiham olunduğu bildirilir. Müsavat Partiyası bunu repressiyaların davamı kimi qiymətləndirir və siyasi məhbusların azad olunmasını bir daha tələb edir.
Sonda cari məsələlər müzakirə edilib.