Türkiyə hakimiyyəti dəyişmək üçün qollarını çırmaladı

Xəqani Cəfərli

Türkiyə Ərdoğan hakimiyyətinə son qoymaq üçün “qollarını çirmələdi”

Maltəpə meydanının 1.2 milyon kvadrat metrlik sahəsinin insan seli ilə dolub-daşması Türkiyə cəmiyyətinin Ərdoğan hakimiyyətinə son qoymaq üçün “qollarını çirmələdiyini” göstərir. Mitinq iştirakçılarının sayı nə qədər böyük önəm daşısa da, aksiyanın ruhu və liderlərin verdiyi mesajlar da bir o qədər önəmlidir.
Kütləvi həbslərə, məhdudlaşdırıcı tədbirlərə baxmayaraq iki milyondan artıq insanın İstanbul kimi böyük meqapolisin dörd bir yanından Maltəpə meydanına axın etməsi toplumun hakimiyyət dəyişikliyinə kökləndiyini göstərir.
Maltəpə mitinqinin diqqət çəkən digər önəmli məqamı siyasi liderlərin, ilk növbədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəlin verdiyi mesajlardır. Ərdoğan hakimiyyətini sələfi düşüncəsi ilə demokratiyanı ortadan qaldırıb, xilafət və səltənət qurmaq istəyinə düşməkdə ittiham edən Özəl mövcud hakimiyyəti iqtidarı qəsb etmiş xuntaya bənzədərək belə bir vəziyyətə meydan mübarizəsinin bir haqq olduğunu vurğulaması Türkiyə tarixində bir ilkin yaşanmağa başladığını göstərir. Türkiyə seçki demokratiyası sistemindən demokratik cəmiyyət sisteminə keçid edir.
Çox istərdim ki, Türkiyə bu prosesdən zəifləyərək deyil, güclənərək çıxsın. Bu isə Ərdoğan hakimiyyətinin ölkələdə baş verən proseslərə reaksiyasından asılı olacaq. Türkiyə uzun müddət gözləyə bilməz. Hər ötən gün Türkiyənin xarici ticarət dövriyyəsində mənfi saldo artır. Pararlel olaraq büdcə kəsiri də artır. Üstəlik lirənin kursunu saxlamaq üçün valyuta satışı həyata keçirilməsi məcburiyyətə çevrilib. Bu uzun müddət davam etsə, hakimiyyət dəyişikliyinin də faydası olmayacaq.

***

Mustafa Hacıbəyli

Bu gün, martın 29-da İstanbulda müasir demokratik mübarizə tarixinin ən böyük mitinqi keçirildi. Polis kordonları, kütləvi həbslər, təzyiq və təhdidlərə baxmayaraq Maltepe meydanında toplaşan izdiham qardaş Türkiyədə xalqın iradəsini ortaya qoydu.

Vaxt olub ki, türklər islam xilafətini süqutdan xilas ediblər. Xüsusilə Abbasilər dövründə türklər xilafətin əsas hərbi gücü olublar. Ərəb sülalələri iflasa uğradıqdan sonra isə Osmanlılar xilafəti qoruyaraq, İslam dünyasına yüzillərlə rəhbərlik ediblər.

İndi türklər demokratiyaya, haqqa, hüquqa, ədalətə sahib çıxmaqdadırlar.

Tarixi günlər yaşayırıq. Türkiyədə gəncliyin dayanışması sayəsində ümumbəşəri dəyərlərin bərqərar olacağına ümid və inam yaranıb. Türkiyədə demokratiya qalib gəlsə, bu, güclü bir dalga olacaq. Bu dalğa nəinki Azərbaycana, Orta Asiyaya, Rusiyaya, hətta Avropa və Amerikaya müsbət təsir edəcək.