Kaliforniyanın qubernatoru iğtişaşlara görə Trampı günahlandırdı
“Tramp işə qarışana qədər bizim problemimiz yox idi”. Kaliforniyanın qubernatoru Milli Qvardiyanın Los-Ancelesdən geri çağırılmasını tələb edir
Kaliforniya qubernatoru Gevin Nevsom, ABŞ prezidenti Donald Trampın iğtişaşlar səbəbindən Los-Ancelesə Milli Qvardiya bölmələrinin göndərilməsi qərarının ləğvini rəsmən tələb edib.
İyunun 9-na keçən gecə Nevsom X sosial şəbəkəsində Pentaqonun rəhbəri Pit Heqsetə ünvanladığı müraciətin surətini dərc edib. O, bildirib ki, mövcud durumda yalnız əyalət qubernatoru federal hakimiyyət orqanlarından Milli Qvardiyanın yerləşdirilməsini xahiş edə bilər.
Qubernatoru vurğulayıb ki, Milli Qvardiya bölmələrinin Los-Ancelesə yerləşdirilməsi “vəziyyəti ciddi şəkildə gərginləşdirə” bilər.
“Tramp işə qarışana qədər bizim problemimiz yox idi. Bu, ştatın suverenliyinin ciddi şəkildə pozulmasıdır – gərginliyi artırır və resursları həqiqətən lazım olan yerdən yayındırır”, – deyə, Nevsom yazıb.
CNN yazır ki, Newsom Trampın qərarını “qanunsuz, əxlaqsız və konstitusiyaya zidd” adlandırıb və vəziyyətin normallaşmasına kömək etmədiyini qeyd edib.
Los-Ancelesin cənubundakı Paramount şəhərində iğtişaşlar iyunun 6-da axşam saatlarında mühacir əleyhinə reydlərdən sonra başlayıb. Reydlərə etiraz edənlərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma baş verib. İyunun 7-də iğtişaşlar davam edib. Etirazçılar Sərhəd Xidmətinin maşınlarına daş atıblar. Buna cavab olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları rezin güllələrdən istifadə ediblər. Tramp Los-Ancelesə iki mindən artıq Milli Qvardiya əsgəri göndərdiyini açıqlayıb. ABŞ prezidenti qeyri-qanuni mühacirlərə qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumları qəbuledilməz hesab etdiyini vurğulayıb. Kaliforniya qubernatoru isə öz növbəsində zorakılığa yol verməməyə çağırıb və ştatın hüquq-mühafizə orqanlarının vəziyyəti özlərinin nəzarətə götürə biləcəyini vurğulayıb.