Müsavatdan önəmli çağırış – Divanın gündəliyi
İyunun 16-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər və rayon təşkilatlarında keçirilən iclaslar barədə məlumat dinlənilib.
Ötən həftə Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə Müsavat Partiyasının yerli təşkilatının üç üzvünün – Ələddin Ələsgərli, Cabir Vəliyev və Qoşqar Nuralının əsassız olaraq azadlıqdan məhrum edilməsi Azərbaycanda repressiyaların davamı kimi qiymətləndirilib, onların dərhal azadlığa buraxılması tələb edilib. Divanda həbsdə olan müsavatçıların hüquqlarının müdafiəsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Daha sonra İsrail və İran arasında hərbi qarşıdurma müzakirə olunub. Müsavat Partiyası çox sayda insan tələfatına və dağıntılara səbəb olan eskalasiyadan ciddi narahatdır və bu qarşıdurmanın daha fəlakətli nəticələrini önləmək üçün beynəlxalq diplomatik səylərin artırılmasını, konfliktin beynəlxalq hüquq normalarına uyğun olaraq həllini zəruri hesab edir.
Müsavat Partiyası həmçinin 40 milyona qədər Güney Azərbaycan əhalisinin taleyindən narahatlığını ifadə etməklə yanaşı, soydaşlarımızla bir yerdə olduğunu bəyan edir, onları ayıq-sayıq olmağa, bu qanlı qarşıdurmanın gedişində mümkün olan müxtəlif ssenarilərə hazır olmağa, Azərbaycan hökumətini İran ərazisində yaşayan soydaşlarımızın taleyinə biganə qalmamağa çağırır.
Divanda qeyd olunub ki. İranın nüvə silahı proqramının qarşısı beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq alınmalıdır. İranda irticaçı rejimin dəyişdirilməsi yalnız xalqın iradəsi ilə gerçəkləşə bilər.
İclasda həmçinin Rusiyanın Ukraynaya təcavüzünün indiki mərhələsi ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, mütərəqqi dünya G7 sammitindən Ukraynanın suverenliyi və ərazi bütövlüyünün təmin olunması istiqamətində təsirli qərarlar gözləyir.
İyunun 22-də saat 11:00-da Müsavat Partiyası Məclisinin sessiyasının keçirilməsi barədə qərar qəbul olunub.
İyunun 24-də saat 12:00-da mərhum prezident Əbülfəz Elçibəyin doğum günü ilə bağlı onun məzarının ziyarət olunması qərara alınıb.
Sonda cari məsələlər müzakirə edilib.