Tehrandan kütləvi köç başladı – Video

Niyə Tehran sakinləri şəhəri tərk edir, amma Tel-Əviv sakinləri yox?! Axı hər ikisi raket atəşinə məruz qalır?!

Məsələ bundadır ki, İsraildə əhaliyə gözlənilən hava hücumu barədə azı 8 dəqiqə, normalda isə 20-30 dəqiqə əvvəl məlumat verilir. Hər kəsin sığınacağa çəkilmək imkanı olur. İranda isə sakinlər təhlükə barədə bomba partlayandan sonra xəbər tuturlar.

İsraildə dərslər onlayn sistemə keçirilib, imtahanlar təxirə salınıb, hakimiyyət əhalini ehtiyac olmadan küçələrə çıxmamağa çağırır. İranda isə bu yoxdur. Əksinə, hücumun pik vaxtında əhalini anti-israil mitinqinə çıxarmışdılar.

İran hakimiyyəti əhalinin qayğısına qalmaq əvəzinə həbsləri davam etdirir. Dünən 19 nəfər saxlanılıb, bəziləri sosial şəbəkələrdə tənqidi paylaşım etdiyinə görə, əksəriyyəti isə partlayışların videolarını yaydığına görə həbs olunublar.

İnsanlar öz təhlükəsizliyinə təminat görmədikləri üçün və bu məsələdə hökumətə güvənmədikləri üçün Tehrandan, İrandan qaçırlar.

Bu dəfə də əksəriyyət Türkiyəyə üz tutur. Qardaş ölkə milyonlarla Suriya qaçqınına sığınacaq vermişdi, Əsəd rejimi çökdükdən sonra da onların bir qismi Turkiyədə qalmaqdadır. Bu dəfə İrandan qaçqın ordusu gəlir.

Bu mövzu yaxın günlərdə Azərbaycan üçün də aktual olacaq. İki gün əvvəl bombardmanlardan qaçan Rusiya vətəndaşları üçün Astara sərhəd keçid məntəqəsi açılmışdısa, bombardmandan qaçan və əksəriyyəti soydaşımız olan İran vətəndaşlarını hansı adla geri qaytaracaqlar?

Mustafa Hacıbəyli