Trampdan “qeyd-şərtsiz kapitulyasiya” tələbi
“Qeyri-şərtsiz kapitulyasiya”. Bu paylaşımı ABŞ prezidenti Donald Tramp Truth sosial şəbəkəsində yazıb.
Bundan əvvəl onun hesabında İsrail və İran arasındakı münaqişəyə həsr olunmuş yazılar yer alıb. Görünür, prezident İranın ABŞ-ın şərtlərini qəbul etməsi, xüsusən də nüvə proqramından əl çəkməsi tələbini nəzərdə tutur.
“İndi İran üzərindəki səmaya tam nəzarətimiz var” deyə Tramp daha əvvəl yazmışdı. Trampın İran üzərindəki səmaya nəzarət haqqında “biz” yazarkən kimi nəzərdə tutduğu aydın deyil.
Bundan əvvəl İsrail komandanlığı İran üzərində hava üstünlüyünə nail olduğunu açıqlamışdı. Tehrana və ölkənin digər bölgələrindəki hədəflərə beşinci gündür ki, zərbələr endirilir. İran da öz növbəsində İsrailə raket zərbələri endirir.
Tramp başqa bir yazısında yazıb ki, ABŞ İranın ali dini lideri Ayətullah Əli Xameneinin dəqiq yerini bilir, lakin onu “hələlik” vurmayacaq. Eyni zamanda Tramp yazıb ki, “səbri tükənir” və İran mülki əhaliyə və ya Amerika qoşunlarına raket zərbələri endirməməlidir.
Yazılar ABŞ-ın İranın nüvə obyektlərini məhv etmək məqsədi ilə İsrailin İrana qarşı davam edən zərbələr kampaniyasına qoşulmağı düşünə biləcəyi barədə xəbərlər fonunda dərc edilib. Trampın özü bazar günü səhər tezdən Kanadada keçirilən G7 sammitini tərk edib və İran-İsrail münaqişəsi ilə bağlı Vaşinqtona qayıdıb.
Jurnalistlərlə söhbət edən ABŞ prezidenti İranın nüvə proqramından tamamilə imtina edəcəyini gözlədiyini bildirib. “Mən atəşkəs axtarmıram, biz atəşkəsdən daha çox şey axtarırıq”, – deyə Tramp bildirib. O, həmçinin “yaxın iki gün ərzində” vəziyyətin dəyişəcəyini vəd edib. ABŞ prezidenti təfərrüatları açıqlamayıb.
Tehran nüvə proqramından yox, nüvə silahından imtina etməyə hazır olduğunu bildirib. İsrail də ABŞ kimi Tehranın danışdığı dinc nüvə proqramının sadəcə nüvə silahı yaratmaq üçün bəhanə olmasından ehtiyat edir. Tramp dəfələrlə bəyan edib ki, ABŞ İranın bu cür silahlara sahib olmasına icazə verməyəcək.
Fransa prezidenti Emmanuel Makron çərşənbə axşamı Kanadada keçirilən G7 sammitində İranda hərbi yolla rejim dəyişikliyinə nail olmaq cəhdlərini pis fikir adlandırıb. O, danışıqların bərpasına çağırıb.
Çərşənbə axşamı axşam Rusiya Xarici İşlər Nazirliyi münaqişə ilə bağlı növbəti açıqlama verib. O, bir daha İsraili pisləyib və qeyd edib ki, “İsrail rəhbərliyinin hərəkətləri yalnız onun faktiki şəriki olan və fürsətçi mülahizələrdən kənar hərəkət edən dövlətlər tərəfindən başa düşülür və dəstəklənir”. Bəyanatda hansı dövlətlərin nəzərdə tutulduğu açıqlanmır.
AzadlıqRadiosu