İranın iki nüvə obyektinə ciddi ziyan dəyib – MAQATE

İranın Natanzdakı yeraltı uranın zənginləşdirilməsi zavodu İsrailin endirdiyi zərbələrdən sonra “tamamilə məhv edilməsə də, ciddi şəkildə zədələnib”.

Bu haqda Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi BBC-yə bildirib.

Onun sözlərinə görə, bu, elektrik enerjisinin kəsilməsi və zavodun yerüstü hissəsinin dağıdılması səbəbindən baş verib. Qrossi qeyd edib ki, ərazidə radioaktiv və kimyəvi çirklənmə olub, ona görə də obyekt bağlıdır və “hər hansı  bir normal fəaliyyət üçün əlçatmazdır”.

Zavoddan kənarda radiasiya səviyyəsi hələ ki, normal həddədir.

İsfahandakı nüvə obyektinə də müəyyən ziyan dəyib. Qrossinin sözlərinə görə, orada dörd bina dağıdılıb.

Bununla belə, nüvə agentliyinin rəhbəri bildirib ki, Fordo zənginləşdirmə qurğusunda və  Hondabda tikintisi davam edən nüvə stansiyasının reaktorunda heç bir ziyan aşkar edilməyib.