Rusiyada sərnişin təyyarəsi qəzaya uğradı: sağ qalan yoxdur

Rusiyada Xabarovskdan  Tındaya uçan Anqara aviaşirkətinə məxsus təyyarə eniş edərkən qəzaya uğrayıb. İlkin məlumatlara görə, təyyarədə olanların hamısı – 49 nəfər həlak olub.

RİA Novosti xəbər verir ki,  təyyarə ilk cəhddə yerə enə bilməyib və  sonra dağa çırpılıb.

Təyyarədə 49 nəfər – altı ekipaj üzvü və beşi uşaq olmaqla 43 sərnişin olub. Amur vilayətinin Mülki Müdafiə və Yanğın Təhlükəsizliyi Mərkəzinin məlumatına görə, An-24 təyyarəsinin qəzaya uğradığı əraziyə baxış zamanı sağ qalanların olmadığı məlum olub.

Təyyarənin qalıqları Tındadan 16 kilometr aralıda tapılıb.

Fövqəladə hallar xidmətinin məlumatına görə, qəzanın mümkün səbəblərindən biri dumanlı hava  şəraitində eniş zamanı ekipajın səhvi ola bilər.