Tofiq Zülfüqarovun Dərbəndlə bağlı paylaşımı Rusiyada etiraz doğurdu
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun feysbukda Dərbəndlə bağlı yazısı Rusiyada gündəm olub.
Tofiq Zülfüqarov azərbaycanlıların Rusiyadan qovulmasına çağırış edənlərə cavab olaraq qeyd edib ki, Rusiyanın ən qədim şəhəri Dərbənddir: “Əhalinin təxminən 40 faizini etnik azərbaycanlılar təşkil edir. Maraqlıdır, internetdə rus millətçiləri adlandırılan şəxslər “öz Azərbaycanınıza gedin” deyəndə nəyi nəzərdə tuturlar? Yəni Rusiya Federasiyasının ən qədim avtoxton əhalisi öz ölkələrini tərk etməlidir”?
Bu qısa qeyd Rusiyanın bir sıra media orqanlarında dərc edilib.
“Rusiya azərbaycanlılar ölkəsidir. Bakının keçmiş xarici işlər naziri qəribə nəticəyə gəlib” – Tsarqrad dərgisi Zülfüqarovun yazısını bu başlıq altında şərh edib.
“Yadellilər getdikcə həyasızlaşırlar. Qərbin sifarişini yerinə yetirərək, postsovet məkanından daha bir “tarix mütəxəssisi” paralellər aparıb” – Tsarqrad-ın materialında belə deyilir.
Yazıda Tofiq Zülfüqarovun Dərbəndin adını rusca olduğu kimi sonda “t” hərfi ilə yox, “d” hərfi ilə, yəni azərbaycanca yazması da, diqqətdən yayınmayıb.
Nəşr Zülfüqarovun yazısını Rusiyanın ərazi bütövlüyünə qəsd kimi dəyərləndirib: “Maraqlıdır ki, Azərbaycanın ölkəmizin ərazi bütövlüyünə belə qəsd etməsi birinci deyil. Bir müddət əvvəl Xantı-Mansiysk Muxtar Dairəsi Dumasının deputatı Tağızadə Xalid Böyükağa oğlu bildirmişdi ki, miqrantlar Rusiyaya buranı özlərinin “tarixi torpağı” hesab etdikləri üçün üz tuturlar”.
Tofiq Zülfüqarov itihamlara bir cümlə ilə cavab verib: “Dağıstan Konstitusiyasından gətirdiyim sitat nasistlər arasında isteriyaya səbəb oldu”.
Zülfüqarovun yazısına Azərbaycan auditoriyasında da irad bildirənlər olub. Məsələn, İlqar Altay belə yazıların Rusiyada yaşayan soydaşlarımıza problem yarada biləcəyini ifadə edib. Tofiq Zülfüqarov isə soydaşlarımızın bu yazıdan əvvəl də Rusiya ilə üz-üzə qaldığına diqqət çəkib.
Xatırladaq ki, Tofiq Zülfüqarov bundan əvvəl İlham Əliyevin təyyarəsinin 25 dekabr 2024-cü il tarixdə Rusiya səmasında РЭБ hücumuna məruz qalması haqda sensasiyalı açıqlama vermişdi. Bir sıra şərhçilər əslində bu açıqlamaların rəsmi Bakının mövqeyini ifadə etdiyini yazmışdılar.
Mustafa Hacıbəyli