Azərbaycan XİN-dən Rusiyaya cavab
2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı sığorta vəsaiti ödənilib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı açıqlamada bildirilib.
Vurğulanıb ki, Azərbaycan aviaşirkətinə təyyarə üçün tam sığorta dəyəri – 1 milyard 3 milyon rubl (12.34 milyon ABŞ dolları) məbləğində sığorta kompensasiyası ödənilib: “15 Rusiya vətəndaşından 7-si, 38 Azərbaycan vətəndaşından 35-i, Qırğızıstan vətəndaşlarından 3-ü, Qazaxıstan vətəndaşlarından 6-sının hər birinə ödənişlər tam ödənilib. Bu günə kimi təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358.4 milyon rubl (4.4 milyon dollar) sığorta ödənişi edilib”.
Azərbaycan XİN təəccüb edir
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya XİN-in açıqlamasını təəccüblə qarşıladığını bildirir.
XİN vurğulayır ki, “sığorta ödənişlərinin Azərbaycanın Rusiya hökumətindən tələb etdiyi kompensasiya ilə eyniləşdirilməsi cəhdləri düzgün deyil”.
“…sığorta ödənişlərinin təşkili prosesi artıq 6 aydır həyata keçirilir. Ümumilikdə, bu ödənişlər məhz AZAL-ın sığorta müqaviləsi çərçivəsində, şirkətin təyyarəsini və sərnişinləri sığorta etməsi nəticəsində öhdəliklərə uyğun olaraq təmin edilir”, – məlumatda deyilir.
Sığortanı məhz Rusiya şirkətinin ödəməsinə gəldikdə, XİN qeyd edir ki, adətən təyyarələrin sığortası müvafiq beynəlxalq sığorta şirkətləri vasitəsilə həyata keçirilir: “Rusiyanın ərazisində heç bir beynəlxalq sığorta şirkətinin fəaliyyət göstərmədiyini nəzərə alaraq, AZAL təyyarəsinin sığortası Rusiya şirkəti vasitəsilə aparılıb”.
Xatırlatma
AZAL təyyarəsi ötən il dekabrın 25-də Bakı-Qroznı aviareysini yerinə yetirərkən qəzaya düşüb, 38 nəfər həlak olub. Azərbaycan rəsmiləri qəzaya görə Rusiyanın məsuliyyət daşıdığını bildiriblər, amma bunun məqsədli törədilmədiyini açıqlayıblar.
Rusiya prezidenti Vladimir Putinin Əliyev ilə telefon danışığında qəzaya görə üzrxahlıq etsə də, baş verənlərə görə ölkəsinin məsuliyyət daşıdığını etiraf etmədiyi açıqlanıb.
Qazaxıstan Nəqliyyat Nazirliyi hələ fevralın əvvəlində bu qəza ilə bağlı təhqiqata dair ilkin hesabatını açıqlayıb. Hesabatda qeyd edilib ki, AZAL təyyarəsi yer səthi ilə toqquşana qədər xarici təsirə məruz qalıb. Eyni zamanda, təyyarənin uçuşdan əvvəl texniki vəziyyəti yaxşı olub.
AzadlıqRadiosu