Müsavat Divanının gündəliyi
Sentyabrın 15-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
İclasda əvvəlcə Bakının işğaldan azad olunmasının ildönümü ilə bağlı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsi sayğı duruşu ilə anılıb.
Sentyabrın 15-də Müsavat rəhbərliyi və partiyanın bir qrup fəalı Bakıdakı Türk Şəhidliyini ziyarət edib. Azərbaycan üçün əlamətdar olan bayram ilə bağlı sentyabrın 14-də AXCP-nin, sentyabrın 15-də isə Müsavat Partiyasının ziyarət tədbirlərinə polisin müdaxiləsi pislənilib.
Daha sonra görülən işlər və rayon təşkilatlarında keçirilən iclaslar barədə məlumat dinlənilib.
Sentyabrın 27-də saat 11:00-da Müsavat Məclisinin sessiyasının keçirilməsi haqda qərar qəbul edilib.
Hazırda həbsdə olan Müsavat Partiyasının Məclis üzvləri Ələddin Ələsgərli, Qoşqar Nuralı və partiyanın Biləsuvar rayon təşkilatının fəalı Cabir Vəliyevin Apelyasiya Məhkəməsinə hazırlıqla bağlı təkliflər müzakirə olunub.
Regionda və dünyada gedən proseslər haqda fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.