Azərbaycanın “rusdilli ölkə” adlandırılmasına Müsavatdan etiraz – Divanın gündəliyi

Oktyabrın 13-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

İclasda görülən işlər və rayon təşkilatlarında keçirilən iclaslar barədə məlumat dinlənilib.

Müsavat Partiyasının Məclis sədri Arif Hacılı, Müsavat başqanının müavinləri Razim ƏmiraslanlıMustafa Hacıbəylinin partiya fəalları ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri barədə məlumat verilib.

Divan üzvü Yusif Mehdi Saatlı rayon təşkilatının ötən həftə keçirilən ümumi yığıncağı haqda məlumat verib.

Divan üzvü Fəridə Ələsgərli siyasi məhbus Azər Qasımlının məhkəmə prosesi barədə məlumat verib. Müsavat Divanı bir daha qanunsuz olaraq həbs edilmiş, xüsusən səhhətində problemləri olan siyasi məhbusları, o cümlədən əzizlərindən birini itirmiş Şəmşad Ağanı azad etməyə çağırır.

Daha sonra ölkədə və regionda baş verən proseslər müzakirə edilib. İsrail-Fələstin qarşıdurmasında atəşkəsin əldə edilməsi, sülhə doğru addımların atılması, girovların və məhbusların azad olunması son dövrün ən önəmli hadisəsi kimi qiymətləndirilib. Qeyd edilib ki, bu problemin köklü həlli İsrailin və Fələstinin müstəqil dövlətlər olaraq dinc qonşuluğunun təmin olunmasına bağlıdır.

Rusiya dövlət başçısı Vladimir Putinin Azərbaycanı rusdilli ölkə adlandırması pislənilib, rəsmi Bakının buna etiraz bildirməsi tələb olunub. Qeyd edilib ki, İlham Əlievlə Düşənbə görüşündə Putin 25 dekabr 2024-cü il tarixində AZAL təyyarəsinin Rusiya HHQ tərəfindən vurulduğunu etraf etsə də, Yekaterinburqda iki soydaşımızın işgəncə ilə öldürülməsi və digər şəhərlərdə soydaşlarımıza təzyiqlərlə bağlı izahat verməyib.

Müsavat rəhbərliyi oktyabrın 18-də saat 12:00-da Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı Fəxri Xiyabanda Azərbaycan xalq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin məzarını ziyarət edəcək.

Sonda cari məsələlər müzakirə olunub.