Hakimiyyət bu gün də Ramiz Mehdiyevdən yararlanır

Əliyev iqtidarında 25 il ikinci şəxs olmuş Ramiz Mehdiyev xain çıxdı. Bu, Əliyev iqtidarının tarixinə vurulan ikinci ən böyük “peçat”dır.

İstər Heydər Əliyevə, istər İlham Əliyevə Ramiz Mehdiyev qədər xidmət edən ikinci bir məmur olmayıb. 25 il zarafat deyil. Əliyev iqtidarının başqa heç bir nümayəndəsi bu qədər uzun müddət belə mötəbər görəvdə olmayıb. Hətta İlham Əliyevin özü də.

Xüsusən İlham Əliyevə Ramiz Mehdiyevin xidməti misilsizdir. Heydər Əliyev açıq ürək əməliyyatından sonra da prezidentliyə öz namizədliyini irəli sürmüşdü, yəni varis planını işə salmamışdı. Amma Ramiz Mehdiyev bu planı cızdı və reallaşdırdı.

Di gəl, propaqandanın həyasızlığına bir bax – Ramiz Mehdiyevə hamıdan yaxın olan İlham Əliyev yox, “boz kardinal” ilə nə vaxtsa yolu kəsişən şəxslər hədəfə gətirilib. Hətta yolu kəsişməyən, tam əks mövqedə olan bəzi şəxslər, qüvvələr də hədəfə gətirilib. Hakimiyyətyönlü media orqanlarının rəhbərlərinə Ramiz Mehdiyevi Müsavat Partiyası ilə əlaqələndirmək barədə göstəriş verilib.

Ramiz Mehdiyevə çox adamlar xidmət edib, bac verib, yaltaqlanıb, satılıb, amma bütün bunlar onun qara gözlərinə görə yox, Əliyev iqtidarındakı yüksək vəzifəsinə görə olub.

İlham Əliyev hakimiyyətinin ilk illərini əsasən kefdə-damağda keçirib. Daim tətillərdə – dağlarda, dərələrdə, xarici səfərlərdə olub. Dövləti faktiki olaraq Ramiz Mehdiyev idarə edib.

Hakimiyyətin ona etimadı da sonsuz olub.
Azərbaycanda elə bir orden, medal, fəxri ad yoxdur ki, Ramiz Mehdiyev təltif edilməsin. Bu etimadı hər kəs görüb, bilib. Xüsusən hakimiyyətdən yararlanmaq istəyənlər buna uyğun mövqe tutub.

Məsələn, Ramiz Mehdiyevin göstərişi ilə Göygölü illərlə xalqın üzünə bağlayan, burada milyonlarla dəyəri olan villa tikdirən nazir Hüseynqulu Bağırov bilirdi ki, “boz kardinal” bunu özü üçün yox, prezident üçün, onun ailəsi üçün sifariş edib.

Yaxud, başqa bir misal, Ramiz Mehdiyevin ad günündə ona təbrik yazıb Prezident Aparatına böyük gül buketi göndərən Rauf Arifoğluya əslində “boz kardinal” ilə yox, hakimiyyətlə əlaqə qurmaq lazım idi. Bu əlaqəni qurdu, Ramiz Mehdiyevdən körpü kimi istifadə etdi, sonrakı mərhələdə medal aldı və qəzetini irticanın dövlət tərəfindən maliyyələşən vintlərindən birinə çevirdi. Rəsmi və qeyri rəsmi milyonlar qazandı, qazanmaqdadır.

Yaxud, başqa bir misal, hakimiyyət QHT sektorunu ələ alarkən Ramiz Mehdiyevin və Əli Həsənovun maşası rolunu oynayan Azay Quliyev bunu Ənvəroviçin xoşuna gəlmək üçün yox, Əliyev iqtidarının imtiyazlarından bəhrələnmək üçün edib. Bu gün də bəhrələnməkdədir.

Ramiz Mehdiyev müstəqil bir siyası fiqur olmayıb axı. O, sadəcə bir icraçı idi, Əliyev iqtidarının baş icraçısı. O, sadəcə bir klapan idi: rejimlə əlaqə qurmaq istəyənlər üçün körpü, rejimə qarşı çıxanlar üçünsə sipər.

Yazırlar ki, Ramiz Mehdiyevin “Dövlət Şurasının” 50 nəfərlik siyahısı ələ keçib. O gün dostlardan biri sual etdi ki, əgər siyahı ələ keçibsə, niyə hamının adı açıqlanmır. Dedim hətta 49 nəfərin adını çəksələr, 50-cini deməyəcəklər. Hər kəsi qorxu altında saxlayacaqlar ki, bax, 50-ci sən ola bilərsən. Bəlkə də belə bir siyahı ümumiyyətlə mövcud deyil. Amma bu cür şantaj yolu ilə kimlərisə susdurur, kimlərdənsə pul alırlar. Başqa sözlə, 25 il bəs etmədi, xain Ramiz Mehdiyev amilindən bu gün də istifadə edirlər.

Mustafa Hacıbəyli