“Hakimiyyət öz daxili problemlərini müxalifətlə əlaqələndirmək cəhdlərindən əl çəkməlidir” – Müsavatdan etiraz
Noyabrın 3-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.
Əsassız olaraq həbs edilmiş Müsavat Partiyasının Məclis üzvləri Ələddin Ələsgərli, Qoşqar Nuralı və partiya fəalı Cabir Vəliyev Biləsuvarda yaşamalarına baxmayaraq, qanunsuz olaraq yaşadıqları yerdən uzaqda olan müxtəlif cəzaçəkmə müəssisələrinə etap ediliblər. İclasda onların hüquqlarının müdafiəsi istiqamətində növbəti tədbirlər planlaşdırılıb.
Divan üzvləri Mirbaba Babayev və Fəridə Ələsgərli müvafiq olaraq “Toplum TV” işi üzrə və politoloq Azər Qasımlıya qarşı ittiham üzrə məhkəmə prosesləri barədə məlumat veriblər.
Bildirilib ki, noyabrın 6-da, saat 12:35-də Ali Məhkəmədə siyasi məhbus Tofiq Yaqublunun kasasiya şikayətinə baxılacaq.
“Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədovun həbs edilməsi ölkədə söz və ifadə azadlığının boğulması istiqamətində növbəti addım kimi qiymətləndirilib.
Noyabrın 4-də Müsavat Partiyasının qərargahında siyasi məhbuslar mövzusu ilə bağlı onların ailə üzvləri, vəkillər və hüquq müdafiəçilərinin iştirakı ilə toplantı keçiriləcək. Divanda tədbirə hazırlıqla bağlı müvafiq tapşırıqlar verilib.
Prezidentin İcra Aparatının sabiq rəhbəri, vətənə xəyanət və digər ağır cinayətlərdə ittiham olunduğu bildirilən Ramiz Mehdiyev işi ilə bağlı son gəlişmələr haqda fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, hakimiyyət öz daxili problemlərini müxalifətlə əlaqələndirmək cəhdlərindən əl çəkməli, Ramiz Mehdiyevin hansısa planlarında guya müxalifətə də yer ayrılması barədə mediaya absurd iddialar ötürməyə son qoymalı və Prezident Administrasiyasının sabiq rəhbərinə qarşı irəli sürüldüyü bildirilən ittihamlara rəsmi münasibət bildirərək, məsələnin mahiyyəti üzrə cəmiyyətə ətraflı bilgi verməlidir.
Regionda və dünyada baş verən proseslər barədə fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.

