Aİ Ukraynaya 90 milyard avro ayırdı

 

Avropa İttifaqı ölkələrinin liderləri Ukraynaya dondurulmuş Rusiya aktivlərinin verilməsi barədə razılığa gələ bilmədilər. Bununla belə, Kiyev maliyyə dəstəyindən məhrum qalmayacaq. Bu haqda DW məlumat yayıb.

Avropa İttifaqının ən uzun və gərgin sammitlərindən biri 19 dekabr, cümə günü gecə saat 3 radələrində Brüsseldə başa çatıb.

Danışıqlar masasında Avropa Komissiyasının (AK) iki təklifi olub: dondurulmuş Rusiya aktivləri hesabına “reparasiya krediti” və Aİ-nin ümumi borclanması vasitəsilə maliyyələşdirmə. Sammitdə son ana qədər “reparasiya krediti” mexanizmi üzərində işlənməsinə baxmayaraq, bu ideyanı təxirə salmağa məcbur olublar. Aİ liderləri Ukraynaya Aİ büdcəsinin imkanlarından istifadə etməklə 90 milyard avro məbləğində kreditin verilməsi barədə razılığa gəliblər. Eyni zamanda, dondurulmuş Rusiya aktivləri hesabına “reparasiya krediti” üzərində birgə işi davam etdirilməsi barədə razılıq əldə edilib.

“Biz razılaşmaya gəldik. 2026–2027-ci illər üçün Ukraynaya 90 milyard avro məbləğində dəstəyin göstərilməsi ilə bağlı qərar təsdiqləndi. Biz öhdəlik götürdük və onu yerinə yetirdik”, — deyə Avropa Şurasının prezidenti Antoniu Koşta danışıqların bitməsindən dərhal sonra X sosial şəbəkəsində yazıb.

Almaniya kansleri Fridrix Merts isə Aİ-nin Ukrayna üçün kredit ayırmaq qərarını “Avropanın Putinə açıq və aydın siqnalı” adlandırıb. 

“Biz Rusiya aktivlərini də Rusiya Ukraynaya kompensasiya ödəyənədək dondurulmuş vəziyyətdə saxlayacağıq”, — deyə, Merts Aİ liderlərinin Ukraynaya 90 milyard avro məbləğində faizsiz kredit ayrılması barədə qərarından sonra X sosial şəbəkəsində yazıb.

Merts Ukraynaya kredit verilməsi üçün dondurulmuş Rusiya aktivlərindən istifadə planının qatı tərəfdarı olub. Lakin Politico-nnun xəbərinə görə, o, Aİ-nin borclanma yolu ilə maliyyələşdirmə qərarını da qələbə kimi təqdim edib. Merts bildirib ki, bu razılaşma “Ukrayna üçün yaxşı xəbər, Rusiya üçün isə pis xəbərdir” və vəsaitlərin “ən geci yanvarın ikinci yarısında” əlçatan olacağını ehtimal edib.

Basta