Ali Məhkəmə Tofiq Yaqublunun şikayəti üzrə qərar vermək üçün vaxt istədi

Müsavat Partiyası və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun kassasiya şikayəti üzrə Ali Məhkəmədə məhkəmə iclası keçirilib.

Hakim İlqar Qılıcovun icraatında olan proses dekabrın 19-da baş tutub. Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib ki, iclasda çıxış edən dövlət ittihamçısı şikayətin təmin edilməməsini istəyib.

Onun sözlərinə görə, hakim İlqar Qılıcov isə müşavirə üçün əlavə vaxta ehtiyac olduğunu əsas gətirərək qərarın dərhal elan olunmadığını, məhkəmə tarixinin növbəti günlərə təyin ediləcəyini deyib.

Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, dələduzluq və saxta sənəd hazırlama ittihamları üzrə 9 il müddətinə azadlıqdan məhrum olunub. Siyasətçi hökmə etiraz olaraq 40 gün aclıq aksiyası keçirib.

Tofiq Yaqublu uzun illərdir ölkədəki hakimiyyətin əsas tənqidçilərindən biri kimi tanınır. O, bu müddətdə dəfələrlə həbs olunub. Beynəlxalq təşkilatlar Yaqublunu vicdan məhbusu kimi tanıdıqlarını bəyan ediblər. Abzasmedia.