ABŞ Venesuelaya hücum etdi. Maduro ələ keçirildi

 

***

ABŞ prezidenti Donald Tramp bildirib ki, Venesuela prezidenti Maduro həyat yoldaşı ilə birlikdə xüsusi əməliyyat nəticəsində ələ keçirilib və ölkədən çıxarılıb.

Trampın Truth Social platformasında bunu yazıb:
“Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri, prezident Nikolas Maduraya qarşı genişmiqyaslı zərbəni uğurla həyata keçirdi. Nikolas Maduro həyat yoldaşı ilə birlikdə ələ keçirilərək ölkədən çıxarılıb.
Bu əməliyyat ABŞ-ın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində həyata keçirilib. Təfərrüatlar daha sonra açıqlanacaq.”

ABŞ prezidenti Donald Tramp şənbə günü Venesuela ərazisində yerləşən obyektlərə zərbələrin endirilməsi barədə əmr verib.

Bu haqda CBS News məlumat yayıb: “Amerikalı rəsmilərin bildirdiyinə görə, prezident Tramp Venesuela daxilində, xüsusilə hərbi obyektlərə zərbələrin endirilməsi barədə əmr verib. Administrasiya şənbə günü səhər saatlarında prezident Nikolas Maduronun rejiminə qarşı kampaniyanı gücləndirib”.

KİV-in məlumatına görə, böyük hərbi bazanın yerləşdiyi şəhərin cənub hissəsi elektriksiz qalıb.

CNN bir neçə partlayışın baş verdiyini yazır. Şəhərin bir neçə rayonunda elektrik enerjisi olmayıb və jurnalistlər partlayışlardan sonra təyyarə səsləri eşidiblər.

Kolumbiya prezidenti Qustavo Petro sosial şəbəkələrdə Karakasın “raketlərlə bombardman edildiyini” yazıb, lakin kimin tərəfindən edildiyini deməyib.

“Bu an Karakas bombardman edilir. Bütün dünyanın diqqəti — Venesuelaya hücum edilib. Raketlərlə bombardman edirlər.
OAS (Amerika Dövlətləri Təşkilatı – red.) və BMT dərhal toplanmalıdır” – Petro vurğulayıb. 

Sosial şəbəkələrdə ABŞ-ın Venesuelanın paytaxtına hücum etdiyi və şəhər üzərində Amerika helikopterlərinin uçduğu yazılır. Bu məlumat hələlik təsdiqlənməyib.

ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduronu vəzifədən getməyə məcbur etmək üçün təzyiq səyləri çərçivəsində dəfələrlə Venesuelada quru əməliyyatları vəd edib.

Xatırladaq ki, dekabrın əvvəlində KİV-lər Trampın Nikolas Maduraya ölkəni tərk etməsi üçün vaxt verdiyini, bundan sonra isə hava məkanının bağlandığını bildirmişdi.