Meydan TV işi üzrə məhkəmədə gərginlik
Hakimlər məhkəməni yarımçıq qoyub zalı tərk etdilər. Həbsdəki jurnalistlər hakimlərə xitabən “Qor-xaq-lar!” şüarını səsləndirdilər.
Hər şey ondan başladı ki, jurnalist Xəyalə Ağayeva təqsirləndirilən şəxs qismində ifadə vermək üçün kürsüyə dəvət edildi. O, “Mən jurnalistəm, bura mənim üçün məhkəmə yox, fəaliyyətimi davam etdirmək üçün platformadır” deyə çıxışa başladı.
Xəyalə Ağayeva İlham Əliyevin və kiçik Heydər Əliyevin də adını çəkərək ölkədəki korrupsiyadan, Dubay mülklərindən, yarıtmaz idarəçilikdən, sifarişli məhkəmə hökmlərindən danışmağa başladı. Hakim Aytən Əliyevə bir neçə dəfə onun sözünü kəsdi, sonra mikrofonu söndürdü. Amma gənc jurnalist uca səslə çıxışını davam etdirdi. Xəyalə Ağayevanın bu dirənişi zalda olan 30-dan artıq məhkəmə iştirakçısının alqışlarına səbəb oldu.
Bu məqamda hakimlər məhkəməni yarımçıq qoyub zalı tərk etdilər. Həbsdəki jurnalistlər hakimlərə xitabən “Qor-xaq-lar!” şuarını səsləndirdilər.
Xatırlatma
MeydanTV-nin baş redaktoru Aynur Elgünəş, əməkdaşları Aysel Umudova, Natiq Cavadlı, Aytac Tapdıq, Xəyalə Ağayeva və Ramin Deko 2024-cü il dekabrın 6-dan həbsdədirlər. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da həbs olunub.
Bu cinayət işi üzrə fevralda daha üç jurnalist saxlanılıb – Şəmşad Ağayev, Nurlan Libre və Fatimə Mövlamlı.
Mayda jurnalist Ülviyyə Əli, avqustda fotojurnalist Əhməd Muxtar da MeydanTV ilə bağlı cinayət işi üzrə həbs ediliblər.
Onlara Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 213-cü (vergidən yayınma), 206-cı (qaçaqmalçılıq) və başqa maddələriylə ittihamlar verilib. Jurnalistlər qaçaqmalçılıq yolu ilə xaricdən valyuta gətirməkdə suçlanırlar. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların arasında “AbzasMedia” və ToplumTV-nin xeyli əməkdaşı da var.
“AbzasMedia işi” üzrə təqsirləndirilən 7 jurnalistə 9 ildən 7 il 6 ayadək həbs cəzası verilib. AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də onların arasındadır. O, 9 il azadlıqdan məhrum edilib.
“ToplumTV işi” üzrə məhkəmə davam edir.
Jurnalistlər bu ittihamların heç birini qəbul etmir, prezident də daxil, hökumət təmsilçilərinin korrupsiya əməllərini ifşa etdiklərinə, məmur özbaşınalıqlarını ictimailəşdirdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.
Rəsmilər, bir qayda olaraq, ölkədə heç kimin peşə fəaliyyətinə görə həbs olunmadığını vurğulayır və iddia edirlər ki, jurnalistlər törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar.

