Azərbaycana qarşı diplomatik təzyiqlərə Müsavatdan ETİRAZ

Oktyabrın 26-da Müsavat Partiyası Divanının iclası keçirilib.

 

İclasda əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi sayğı duruşu ilə yad edilib.

 

Sonra cəbhə xəttindəki son durumla bağlı məlumatlar dinlənilib. Azərbaycan  üçün həlledici olan indiki mərhələdə hər kəsin zəfər yürüşü ilə irəliləyən ordumuzun və dövlətimizin yanında olmasının vacibliyi bir daha vurğulanıb. Bildirilib ki, yüzlərlə partiya üzvü və onların övladları ön cəbhədə işğal olunmuş ərazilərin azad olunması uğrunda döyüşlərdə iştirak edir. Müsavatın və partiyanın ayrı-ayrı təmsilçilərinin Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna ianələri haqda məlumatlar dinlənilib, bunun davam etməsi tövsiyyə olunub.

 

Divanın toplantısında Azərbaycana qarşı diplomatik təzyiqlər,  xüsusən ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin  mövqeyi qətiyyətlə pislənilib.

 

Bildirilib ki, Azərbaycan ordusununun ölkənin ərazi bütövlüyünü təmin etmək üçün həyata keçirdiyi hərbi əməliyyatlar, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə tam uyğundur. Həmsədr dövlətlərin bu uğurlu əməliyyatı dayandırmaq uğrunda səyləri Ermənistanın işğalçı siyasətinə dəstək vermək cəhdi kimi qiymətləndirilib.

 

Müsavat Partiyası, ABŞ, Rusiya və Fransanı vasitəçi dövlət olaraq Azərbaycan-Ermənistan münaqişəsində neytral mövqe tutmağa, əks təqdirdə Minsk qrupunun həmsədrliyindən imtina etməyə çağırır.

 

Müsavat Partiyası Rusiya və İranın işğalçı Ermənistana silah göndərməsi haqqında məlumatlardan narahatlığını ifadə edir, hər iki dövlətdən bu məlumatlara aydınlıq gətirməsini tələb edir.

 

İclasda həmçinin ölkədə koronavirus pandemiyasının sürətlə artması haqqında məlumatlar dinlənilib, ölkəmiz üçün həlledici olan indiki məqamda hər kəsin karantin qaydalarına əməl etməsinin vacibliyi vurğulanıb.

 

 

Basta