Vaqif Hacıbəyli Azərbaycan-Türkiyə münasibətləri haqda: “Hikkə əks effekt verir”
Zaman zaman Azərbaycan iqtidarı Rusiya və İran əleyhinə rəsmi səviyyədə antitəbliğat aparıb, bir müddət sonra münasibətlərin normallaşması istiqamətində addımlar ataraq prosesin nəzarətdən çıxmasıa imkan verməyib. Təəssüf ki, Türkiyə əleyhinə başlanan kampaniya getdikcə daha iyrənc xarakter almağa başlayır və hazırda Türkiyə tərəfi də rəsmi səviyyədə hikkə nümayişinə başlayıb. Hakan Fidanın Bakıdakı demarşı bu qəbildəndir.
Mən siyasi baxışlarıma görə millətçi deyiləm, Türkiyəçi də deyiləm. Bununla yanaşı qeyd etməliyəm ki, Azərbaycan iqtidarının “oturun oturduğunuz yerdə” tipində hikkəli davranışı müəyyən dövrdə ölkə içində siyasi effekt verə bilər, lakin Türkiyə kimi qüdrətli bir ölkəyə qarşı bu tipli davranışın əks effekt verdiyi göz qabağındadır.
Bu günlərdə ortaya çıxan bir sıra tezislərlə bağlı münasibətimi bildirməyi zəruri sayıram.
“Biz kiçik qardaş deyilik”
Türkiyədə məişət səviyyəsində soydaşlarımıza yuxarıdan aşağı baxmaq meyllərini mən də, yaxınlarım da öz üzərimizdə hiss etmişik. Bu mənada bəlkə də deyilən tezislə razılaşmaq olardı. Amma hüquqşünas olaraq maraqlarını müdafiə etdiyim bəzi Türkiyə iş adamlarının başına Azərbaycanda hansı oyunların açıldığından danışsam, onda gərək bu mövzuda danışanda bir az ehtiyatlı olaq. Yəni, bizdə Türkiyə vətəndaşlarına münasibətdə həmişə sayğılı davranmamışıq.
44 günlük müharibədən sonra Mövlud Çavuşoğlu və Hakan Fidan Bakıya gəldilər və Mövlud Çavuşoğlu İlham Əliyevə müraciət edərək bunları dedi: “Təlimatınızı gözləyirik, necə təlimat versəz elə hərəkət edəcəyik”. Adətən kiçik qardaş böyük qardaşdan təlimat gözləyir, elə deyilmi?
Rəhmətlik Zeynəb nənəmin bir sözü vardı: “kiçiklik elə, böyüklük taparsan”.
Diqqətimi cəlb edən ikinci tezis –
“Qarabağı aldıq, Türkiyə şirkətlərinə verdik” (müəllif: Xalid Kazımlı).
Məncə, bütövlükdə Qarabağ yox, bəzi qazanclı layihələr Ərdoğana yaxın şirkətlərə verilib desək daha doğru olar. Bu mənada “hər şeyin haqqını artıqlaması ilə ödəmişik” tezisinin hansı mənada söyləndiyini güman edə bilərik.
Daha bir geniş yayılmış tezis –
“Türkiyə bizi vaxtılə satıb”
M. Ə. Rəsulzadəyə görə Azərbaycanın müstəqilliyi 15 sentyabrda təsdiq olunub. Qafqaz İslam Ordusu həmin tarixdə Bakını azad edib.
“1995 – ci ilin martında Türkiyə dövlət səviyyəsində Azərbaycanda çevriliş etmək istəyirdi” tezisi tamamlə yalan və iftiralar üzərində qurulub. Bu mövzuda tam məlumatlı olan və hadisələrə qiymət vermək üçün mənəvi haqql olan iki nəfər varsa, onlardan biri mənəm. Sabiq xarici işlər naziri Tofiq Qasımovun ictimai vəkili kimi Ali məhkəmədə 20 gün ərzində istintaq materialları ilə tam tanış olmuşam. Eyni zamanda, o vaxt fəaliyyət göstərən 32 partiyanın birləşdiyi “Dəyirmi Masa”nın rəsmi təmsilçisi kimi prezident aparatında iqtidarı təmsil edən dövlət müşaviri Qabil Hüseynli ilə danışıqlar aparıb, ertəsi gün həmin danışığın stenoqramını qəzetdə dərc etməklə irticanın siyasi müxalifəti təxribata çəkib repressiya etmək planını ifşa etmişəm.
“Əliləri, İsaları asacam” deyən Rövşən Cavadovun çevriliş planı barəsində Süleyman Dəmirəldən səhih məlumat alan Heydər Əliyev çevrilişin qarşısını ala bildi, çünki siyasi partiyalar o vaxt 1993 – cü il iyun qiyamında olduğundan fərqli olaraq qiyamçı ilə sövdələşmədilər, onun qarşısında tələb qoydular: “əmrə tabe ol, silahı yerə qoy”. Hələ qiyamdan bir neçə ay əvvəl Heydər Əliyevin xahişi ilə Süleyman Dəmirəl Türkiyə Milli İstiqbarat Təşkilatında ikinci adam olan Yalçın Ərtanı Azərbaycana göndərmiş, Türkiyəli xəfiyyələr ölkənin 5 bölgəsində yerləşdirilmiş və hazırlanan çevrilişin gedişatını nəzarətə götürmüşdülər. Bunlar dövlət sirri deyil və istintaq materiallarında öz əksini tapıb. Həmin dövrdə təsisçisi olduğum “İntibah” qəzetində bu materialları geniş təfsilatı ilə dərc etmişəm.
Türk Dövlətləri Təşkilatının (TDT) XIII Zirvə Görüşü 2026-cı il oktyabrın 30-da Ankarada keçiriləcək. Ümid edək ki, bu görüşdə Azərbaycan ən yüksək səviyyədə təmsil olunacaq və iki qardaş dövlət arasında yaranan yersiz dedi – qodulara da birdəfəlik son qoyulacaq.
Yazı müxalif siyasətçi Vaqif Hacıbəylinin feysbuk səhifəsindən götürülüb.

