Fransa xarici işlər nazirinin ittihamına Bakıdan cavab
Azərbaycan Ermənistanın ərazi bütövlüyünü təhdid edir və sərhəddə gərginliyi artırır. Bunu Fransanın Avropa və xarici işlər naziri Stefan Sejourne ABŞ dövlət katibi Entoni Blinken ilə aprelin 2 də Parisdə birgə mətbuat konfransı zamanı deyib.
“Biz bu gün Azərbaycanın təhdid etdiyi Ermənistanın ərazi bütövlüyü məsələsinə toxunduq. Azərbaycanın ritorikası nəzarətdən çıxır və vəziyyətin gərginləşməsində Ermənistanı günahlandırmaq məqsədi güdür. Bundan başqa, biz Bakıdan gələn külli miqdarda saxta xəbərləri görürük. Bakı bu gərginlikdə Yerevanı gunahlandırır, ona baxmayarag ki, Ermənistan bunu istəmir və bundan yayınmağa çalışır.
Biz onu da görürük ki, Bakının təbliğatı daha çox Rusiyanın Ukraynaya qarşı təbliğatı ilə üst-üstə düşür. Biz bütün bunları Bakıda keçiriləcək COP29 konfransı ərəfəsində diqqət mərkəzində saxlamağa razılaşdıq”, – deyə Fransanın xarici işlər naziri bildirib.
Aprelin 2-də Fransa Respublikasının Avropa və xarici işlər naziri Stefan Sejurnenin Parisdə ABŞ dövlət katibi ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar növbəti dəfə Fransanın bölgədə açıq-aşkar gərginlik yaratmaq və sülh prosesinə mane olmaq səylərinin bariz nümunəsidir.
Bunu isə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Stefan Sejurnenin Azərbaycana qarşı səsləndirdiyi iddialara dair şərh edərkən deyib.
“Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlayan, 1 milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından didərgin salan, kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən Ermənistanın Fransa tərəfindən sülhpərvər ölkə kimi təqdim edilməsi bu ölkənin həm vasitəçiliyi dövründə, həm də 44 günlük Vətən Müharibəsindən sonra yürütdüyü siyasətin nə qədər saxta olduğunu nümayiş etdirir.
Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransa tərəfinin Azərbaycanı aqqressiv ritorikada təqsirləndirməsi qəbuledilməzdir.
Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi kimi məsul vəzifəni yerinə yetirdiyi bir dönəmdə, ölkənin imicinə xələl gətirmək məqsədi güdən və sədrliyimizi hədəf alan bu kimi çağırışlardan çəkinilməsinin Fransa və dünyamız üçün daha faydalı olacağını hesab edirik.
Məhz Fransa kimi ölkələrin son 30 ildə Ermənistanın təcavüzünü ört-basdır edən siyasətinin heç bir fayda vermədiyi hər kəsə aydın olmalıdır. Bununla, Fransa tərəfi anlamalıdır ki, onun tərəfindən həyata keçirilən bu kimi destruktiv fəaliyyətə nə qədər ki, son qoyulmayıb, bu həm Fransanın zərər görmüş imicinə, həm də hər vəchlə müdafiə etdiyi Ermənistana xeyir gətirməyəcək”, – A.Hacızadə vurğulayıb.