İqtisadiyyatManşet

Azərbaycanda əhali dollarını satır

2026-cı ilin ötən dövründə Azərbaycanın valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu tendensiya özünü həm nağd, həm də qeyri-nağd seqmentdə aydın büruzə verib.

Mərkəzi Bankın oktyabrın 29-da yaydığı məlumatda deyilir: “2026-cı ilin 9 ayında mübadilə məntəqələrinin müştərilərdən aldığı nağd xarici valyutanın həcmi satışı 759 milyon ABŞ dolları qədər üstələyib. Rezident fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi son bir ildə 3.3 faiz bəndi azalaraq, 2026-cı ilin sentyabrında 25.7 faizə enib”.

Mərkəzi Bank əlavə edib ki, valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə artdığı bir şəraitdə qurum valyuta alışları həyata keçirib: “9 ay ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 33.4 faiz artaraq 15.4 milyard ABŞ dollarına yüksəlib”.

Müstəqil iqtisadçılar isə bildirirlər ki, bu il Yaxın Şərqdə gərginliyin artması fonunda neftin bahalaşması ölkənin gəlirlərinə müsbət təsir göstərib. Bununla belə, ekspertlər bu müsbət amilə rəğmən, ölkədə iqtisadi fəallığın xeyli aşağı düşdüyünü və Ümumi Daxili Məhsulda (ÜDM) artımın cüzi olduğunu (bu ilin 9 ayında cəmi 1.5 faiz) vurğulayırlar.

İqtisadçıların fikrincə, mövcud vəziyyət devalvasiya riskini müəyyən dövr aradan qaldırsa da, ölkədə davamlı iqtisadi inkişafın təmin olunacağına dair şübhələri artırır.

AzadlıqRadiosu