“Gəncənin düşmən tərəfindən atəşə tutulmasına adekvat cavab veriləcək”
Gəncənin düşmən tərəfindən atəşə tutulması ilə bağlı brifinq keçirilib.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Anar Eyvazov cəbhədə baş vermiş hadisələr haqqında məlumatlar veriblər.
Hikmət Hacıyev bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini raket atəşinə tutması da bir daha onların qəsdən mülki əhalini hədəfə aldığını göstərir:
“Ermənistanın siyasi hərbi rəhbərliyinin Azərbaycan Respublikasına qarşı hərbi və müharibə cinayətləri davam edir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərinə Ermənistan ərazisindən raketlər atılıb. Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini, Füzuli rayonunun Horadiz şəhərini, Beyləqan, Tərtər ağır artilleriyadan və raketlərdən istifadə etməklə, xüsusilə “Smerç” və “Toçka-U” kimi raketlərdən atəşə tutub. “Smerç” raketlərinin başlığı kasset bombalarla təhciz edilir ki, dağıntılar daha çox olsun. Bu hərbi cinayətdir…
Kütləvi yaşayış məntəqələrinə bu kimi zərbələr endirməklə Ermənistan bir daha sübut edir ki, terrorçu dövlətdir və faşist rejimlərindən istifadə edir. Amma düşmən unutmasın ki, Azərbaycan tərəfi bunlara adekvat cavab verəcək”.
.
.