Arif Hacılı: “Bu günlər xalq olaraq içimizdən böyüyürük”
“Milli Ordumuz əvvəlcədən müəyyənləşmiş plan əsasında addım-addım irəliləyərək ərazilərimizi işğaldan azad edir.
Heç bir təmanna güdməyən, hətta adlarının belə cədvələ yazılmasına ehtiyac duymayan vətəndaşlarımızın könüllü olaraq əskərimizə ərzaq, paltar və digər ləvazimatlar aparan minlərlə şəxsi maşınları Goranboydan Beyləqanadək olan bütün blok-postlarda növbə gözləyir.
Səfərbərlik idarələrinin, qanköçürmə məntəqələrinin qarşısında növbədə duran könüllülər gecə saatlarınadək dağılışmır.
Dünyanın bir çox şəhərlərində ordumuza və şəhid ailələrimizə dəstək aksiyaları keçirilir.
Şəhərlərimiz bombalanır, amma heç bir təşviş, gərginlik, qaça-qaç yoxdur.
Bakı və digər şəhərlərdə möhtəşəm əmin-əmanlıq və intizam hökm sürür. Belə görünür ki, oğruluq və s. kimi cinayət hadisələri də törədilmir.
Heç bir sahədə pərakəndəlik yoxdur.
Milli mənsubiyyətindən, siyasi baxışlarından, sosial mənşəyindən asılı olmayaraq hər kəs ərazi bütövlüyümüz naminə birləşib.
Şəhərlərimizin, kəndlərimizin evlərini, küçə və meydanlarını Azərbaycan və Türkiyə bayraqları bəzəyir.
.
İşdə bu!
.
Azərbaycan artıq 27 sentyabrdan əvvəlki ölkə deyil.
.
Bu günlər xalq olaraq içimizdən böyüyürük.
.
Son günlərin hadisələrindən aydın görünür ki, biz millət və dövlət olaraq müharibəyə hazırıq, bu vətən müharibəsində qalib gəlməyə qadirik və qalib gələcəyik!”
.
Yazı Müsavat Partiyasının başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.
.
Basta