Ermənistanın Gəncəni atəşə tutması nəticəsində ölənlərin sayı 9 nəfərə çatdı – YENİLƏNİB

Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02.00 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olub.

Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb. 

***

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir. 

Bununla bağlı Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. 

Düşmənin silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 5 nəfər həlak olub, 28 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.