Cenevrədə Azərbaycan və Ermənistan dinc sakinlərə atəş açmamaq barədə razılığa gəliblər
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Xarici İşlər naziri ilə görüşü başa çatıb.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə nazir Ceyhun Bayramov münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq təşkilatların qərar və sənədləri əsasında həllinə dair Azərbaycanın mövqeyini təqdim edib.
Humanitar tədbirlərdən bəhs edən nazir Ceyhun Bayramov Azərbaycanın sərgilədiyi konstruktiv yanaşmanı vurğulayıb. Bu xüsusda, Azərbaycan tərəfindən birtərəfli qaydada cəsədlərin, habelə ahıl erməni qadınının Ermənistan tərəfinə təhvil verildiyini qeyd edib. Nazir Azərbaycanın bu təklifi çox öncədən irəli sürdüyünü bildirib.
Nazir Ceyhun Bayramov, həmçinin Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki şəxsləri və yaşayış məntəqələrini məqsədli şəkildə atəşə tutmasının qəbuledilməz olduğunu vurğulayıb.
Ermənistan və Azərbaycan Xarici İşlər Nazirlərinin 30 oktyabrda Cenevrədəki görüşündən sonra ATƏT-in Minsk Qrupu bəyanat yayıb. Bəyanatda bildirilir ki, keçirilən görüş zamanı Bakı və Yerevan mülki şəxslərə və qeyri-hərbi hədəflərə atəş açmamaq barədə razılığa gəliblər, – deyə, RİA Novosti xəbər verir.
Qeyd edək ki, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın müxtəlif yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb.
Ermənistanın bu hərbi cinayətləri beynəlxalq təşkilatların etirazına səbəb olub.
“Amnesty International”ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Mariya Struters isə bildirib ki, yaşayış məntəqələrinin kaset döyüş sursatları ilə atəşə tutulması insanların həlak olması, yaralanması, əzab çəkməsina səbəb olan qəddar və məsuliyyətsiz əməldir.
“Human Right Watch” hadisə ilə bağlı hesabatında isə bildirilir ki, Ermənistan qüvvələri beynəlxalq səviyyədə qadağan olunmuş kassetli sursatı ya özü istehsal edir, ya da alır: “Bu qəddar silahların beynəlxalq konvensiya ilə qadağan edilməsinin bir səbəbi var və bu silahların şəhərin mərkəzində istifadəsi mülki həyata və beynəlxalq hüquqa kobud bir hörmətsizlikdir”.
Basta