ABŞ-da demokratlar Co Baydenin prezident seçilməsini bayram edirlər
AP, CNN, ABC və digər KİV-lər ABŞ-da prezident seçkilərində Co Badenin qələbəsi barədə məlumat yaydılar.
Associated Press, CNN, ABC və bir sıra digər böyük Amerika mediasının proqnozlarına görə, Demokrat namizəd ABŞ-dakı prezident seçkilərinin qalibi elan edilməsi üçün kifayət qədər səs qazanıb.
ABŞ-ın Vaşinqton, Nyu York və digər iri şəhərlərində demokratlar Co Baydenin prezident seçilməsini bayram edirlər.
***
Co Bayden daha iki ştatda önə keçdi
ABŞ-da keçirilən prezident seçkilərində səslərin sayılması başa çatmaq üzrədir. Demokrat partiyasının namizədi Co Bayden daha iki ştatda – Corcia və Pensilvaniyada önə keçib. Onun həmçinin Nevadada qalib gələcəyi şübhə doğurmur.
İndiki rəqəmlər Baydenin Seçki Kollegiyasında daha 42 nümayəndənin səsinə sahib ola biləcəyini göstərir. Bu halda Baydenə səs verəcək nümayəndələrin sayı 306-ya çatacaq, hərgah, prezident seçilmək üçün 270- nümayəndənin səsi kifayətdir. Beləliklə, Bayden seçicilərin 50,5 faizinin səsini toplayaraq, Respublikaçılar partiyasından olan rəqibi, indiki prezident Donald Trampı məğlub edib.
73 milyondan çox seçicinin səsini alan Co Bayden ən çox səs toplayan prezidentliyə namizəd olaraq Amerikanın tarixinə düşüb.
Donald Tramp bir sıra ştatlarda səslərin hesablanması zamanı qanunsuzluqların olduğunu iddia edərək, məhkəməyə müraciət edəcəyini bildirib. Tramp poçtla verilən səslərin noyabrın 3-dən gec seçki məntəqəsinə daxil olduğu halda onların sayılmamasını tələb edir. Poçtla səs verən seçicilərin əksəriyyətinin Demokrat partiyasının tərəfdarları olduğu qeyd edilir.
Siyasi ekspertlər Trampın bu müraciətlərinin əsaslı olduğuna və nəticələrə təsir göstərəcəyinə inanmırlar. Bildirilir ki, şikayət verilən ştatların qanunlarına görə, noyabrın 3-də və daha əvvəl poçt vasitəsilə veilən səslər məntəqələrə noyabrın 6-dək daxil olarsa, bu səslər etibarlı sayılmalıdır. Çünki poçtun operativ işləməməsi vətəndaşın seçki hüuqunun məhdudlaşdırılmasına səbəb ola bilməz.
ABŞ seçki sistemində prezident birbaşa səsvermə yolu ilə seçilmir. Namizədlər ayrı-ayrı ştatlarda səsvermənin nəticələrinə əsasən formalaşan Seçki Kollegiyasının üzvlərinin əksər səslərini almağa çalışır. Ştatda əhalinin sayı nə qədər çoxdursa, həmin ştatda qalib gələn namizəd Seçki Kollegiyasında daha çox səs alır. Co Bayden ilkin nəticələrə görə azı 270 Kollegiya üzvünün səsinə sahib olub.
Seçki Kollegiyası növbəti prezidentin kim olacağını rəsmi olaraq təyin edən səsvermə üçün dekabrın 14-də, seçki ilə bağlı mümkün şikayətlər araşdırıldıqdan sonra toplantı keçirəcək.
Yeni prezident gələn ilin yanvar ayında öz səlahiyyətlərinin icrasına başlayacaq.
Co Bayden kimdir?
Cozef Bayden 1942-ci ildə Şimali İrlandiyadan olan Katolik bir mühacir ailəsində anadan olub. Baydenin atası, istifadə olunmuş avtomobillərin satışı ilə məşğul olan kiçik sahibkar olub.
1965-ci ildə Siyasi Elmlər və Tarix ixtisası üzrə Delaver Universitetini bitirib. 1968-ci ildə New Yorkdakı Sirakuza Universitetinin Hüquq fakültəsində doktorluq dərəcəsi alıb.
Bayden 1969-cu ildə özəl hüquq firması qurub və Demokrat Partiyaya üzv qəbul olunub.
Biden, ABŞ-dakı bütün seçki tarixində ən çox səs topladı.
1973-cü ildə Delaver Ştatından senator seçilib. 2009-cu ilə qədər seçicilər onu davamlı olaraq bu vəzifəyə seçiblər. Biden, Senatdakı fəaliyyətində ətraf mühit və vətəndaş hüquqları problemləri məşğul olub. Xarici siyasət sahəsində SSRİ ilə nüvə silahlarının azaldılması ilə bağlı dialoqda iştirak edib.
1987-1995-ci illərdə. Senatda mühakimə komitəsinin rəhbəri vəzifəsində çalışıb. Qadınlara qarşı məişət zorakılığı ilə bağlı bir sıra qanunların qəbul edilməsində iştirak edib.
Bayden eyni zamanda Senatın Xarici Əlaqələr Komitəsinin fəal üzvü olub. Balkanlardakı münaqişələrin həllində fəal iştirak edib, 1993-cü ildə Yuqoslaviya Prezidenti Slobodan Miloseviçlə görüşüb, burada onu hərbi cinayətlərdə günahlandırıb və ona məhkəmə qurulacağını vəd edib. 1999-cu ildə Yuqoslaviyaya qarşı NATO-nun hərbi əməliyyatını dəstəkləyib.
Bayden 2001-ci ildə Əfqanıstanda və 2003-cü ildə İraqda hərbi kampaniyaların tərəfdarı olub. İraqdakı Amerika hərbi kontingentinin bu ölkədən çıxarılmasına qarşı çıxıb.
2007-ci ildə ABŞ prezidentliyinə namizədliyini verəcəyini açıqlayıb, lakin Demokratlar arasında dəstəyi az olduğu üçün geri çəkilib.
2008-ci ildə Barak Obamanın komandasına qoşulub. 2008-ci ilin noyabrında ABŞ-ın vitse-prezidenti seçilib. Vitse-prezident olaraq daha çox xarici siyasət məsələləri ilə məşğul olub. Bir neçə dəfə İraq, Əfqanıstan və Pakistanı ziyarət edib. İraqın federallaşmasını dəstəkləyib.
Türkiyənin İraqda və Suriyada iştirakını tənqid edib, erməni soyqırımını tanıyacağını bildirib, PKK/YPG-yə dəstək vermək təklifini irəli sürüb. Lakin bundan sonra etirazlarla üzləşincə, Türkiyəyə səfər edərək prezident Rəcəb Tayib Ərdoğanla görüşüb, ondan işlətdiyi ifadələrə görə üzr istəyib. Bayden ABŞ-ın Türkiyə ilə müttəfiqliyinin sarsılmaz olduğunu bildirib.
25 aprel 2019-cu ildə 2020-ci ilin noyabrında keçiriləcək prezident seçkilərində iştirak edəcəyini elan edib. Amerika tarixində rekord sayda səs toplayaraq prezident seçkilərini qazanıb.
Bayden odlu silahların sərbəst daşınmasına qarşı çıxır. Özünü sadiq bir katolik hesab edir. İrqi, cinsi, dini və cinsi oriyentasiyasına görə ayrı-seçkiliyə qarşı dəfələrlə çıxış edib.
Baydenin ilk həyat yoldaşı Nelia Hunter, qızı Naomi ilə birlikdə 1972-ci ildə avtomobil qəzasında həlak olub. İlk evliliyindən iki oğlu var: Cozef (1969) və Hunter (1970).
Basta