Milli birlik bitdimi? İlham Əliyev yenə ittiham etdi, Arif Hacılı cavab verdi
“AXC-Müsavat cütlüyü öz əsgərlərini əsir götürmüşdü, Gəncəni bombalamışdı. Ona görə torpaqlar əldən getdi… Azərbaycan xalqı o mənfur hakimiyyəti bir ildən sonra yox etdi, süpürüb atdı”.
Bu ittihamı ölkə başçısı İlham Əliyev Fizuli və Cəbrayıl rayonuna səfəri zamanı çıxış edərkən irəli sürüb.
İttihamlara Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhifəsində belə cavab verib:
“Bu günkü milli birlik, “mənfur hakimiyyət”- deyib nifrət saçmaqla, “Gəncəni bombaladılar”kimi ağ yalanlarla yaranmayıb. Bu birlik, müharibə dövründə bütün narazılıqları – Bu Vətən Bizimdir – deyib içində boğmağı bacaranların səyləri ilə yaranıb.
Bu səylərimiz Qarabağla bağlı indiki hərbi-siyasi proseslər yekunlaşanadək davam edəcək.
Bu yalnız dövlətimizin qurucularının ruhlarının incidilməsi, ərazi bütövlüyümüz uğrunda canlarından keçənlər arasında ayrıseçkilik qoyulması hallarına aid ola bilməz.
…1993-cü il iyunun əvvəlində indi dağıdılmış, viran qoyulmuş Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları və bu rayonların bütün ərazisi diri, abad olaraq ordumuzun nəzarəti altında idi. Yarım milyon əhalimiz o rayonlarda yaşayırdı. Ağdərə şəhəri və Ağdərə rayonunun bütün ərazisi işğaldan azad edilmişdi.
Kəlbəcər rayonundan lap indiki günlərdə olduğu kimi erməni silahlı birləşmələrinin çıxarılması üçün qrafik müəyyənləşmişdi. İyunun 25-dək erməni ordusunun sonuncu əsgəri heç bir sülhməramlı olmadan Kəlbəcər ərazisini tərk etməli idi.
Sonra 4 iyun qiyamı baş verdi. Gəncədə Prezident Qvardiyasının komandanı və döyüşçüləri qətlə yetirildi.
Azərbaycanın şəhər və rayonları qiyamçılar tərəfindən qəsb edilməyə başladı. Ölkə rəhbərliyi və regionlarda rəhbər vəzifələrdə işləyən yüzlərlə dövlət məmuru, 20-dək rayonun icra hakimiyyətinin başçısı silahlı quldurlar tərəfindən girov götürüldü.
YAP-AMİP cütlüyünün birbaşa dəstəyi ilə Kəlbəcərin azad edilməsi prosesinin dayandırılması və sonradan daha 6 rayonumuzun işğal edilməsi ilə nəticələnən hərbi çevriliş baş verdi.
Tarixi həqiqət budur”.
Qeyd edək ki, bu, sentyabrın 27-dən – Qarabağ uğrunda hərbi əməliyyatlar başladıqdan sonra İlham Əliyevin daxildəki hədəflərinə qarşı üçüncü çıxışıdır. Daha əvvəl o, həm AzTV-yə, həm də Yaponiyanın “Nikkei” qəzetinə müsahibələrində AXCP və Müsavat Partiyasını “Ermənistanın mənafeyinə xidmət etməkdə” suçlamışdı.
Basta