Oqtay Gülalıyev “kovid xəstəxanası”na yerləşdirilib

Hazırda Bakıda ev şəraitində müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyev yeni növ koronavirusa yoluxub.

 

Bu barədə Turana hüquq müdafiəçisinin yaxınları  məlumat verib.

 

Onların  sözlərinə görə, noyabrın 16-da O.Gülalıyevin səhhətində geriləmə baş verib: qızdırması qalxıb, nəfəs darlığı yaranıb. Ondan koronavirusa analiz götürüblər. Bu gün nəticəsi pozitiv çıxıb.

 

TƏBİB və Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsi üçün tədbirlər görürlər.

 

Hüquq müdafiəçisi Oqtay Gülalıyev ötən gecə səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Bu barədə onun oğlu Təbriz məlumat verib. T.Gülalıyevin sözlərinə görə, hüquq müdafiəçisinin yenidən beynində maye yığılıb.

“Amma biz bunun səbəbinin infeksiya olduğuna inanmırıq. Çünki atamın temperaturu yalnız baş nahiyəsində idi. İstənilən halda, koronavirus testi müsbət çıxdı və atam “Yeni Klinik”ə yerləşdirildi”, – Gülalıyevin oğlu bildirib.

 

Neyrocərrahlar konsilium keçiriblər və kompüter tomoqrafiyasını tövsiyə ediblər.

 

Turan