Paşinyan istefa vermək fikrində deyil
Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibədən sonrakı vəziyyətə görə özünün məsuliyyət daşıdığını deyir. O eyni zamanda bu vəziyyətin yoluna qoyulması, ölkədə sabitlik və təhlükəsizliyin yaranmasına da cavabdeh olduğunu bildirir. Paşinyan bu haqda “Facebook” səhifəsində yazıb. İstefa çağırışlarına baxmayaraq o, ölkədə tammiqyaslı islahatlar aparmaq niyyətini açıqlayıb.
Baş nazirin sözlərinə görə, yaxın gələcəkdə Ermənistan hakimiyyəti qarşısında bu vəzifələr dayanır: Dağlıq Qarabağ sülh prosesinin ATƏT-in Minsk qrupu çərçivəsində bərpası və bu zaman Dağlıq Qarabağın statusunun, insanların öz yaşayış yerinə qayıtmasının önə çəkilməsi; Qarabağda normal həyatın bərpası; həlak olmuş hərbçilərin və vətəndaşların ailələrinə sosial təminatların verilməsi; müharibə vaxtı Ermənistan ərazisində ziyan dəymiş yaşayış evləri, ictimai tikililər və infrastrukturun bərpası.
Paşinyan yaralanmış hərbçilərə sosial təminatlar, protezlərin veriləcəyini, peşəkar hazırlıq vəd edib. Onun sözlərinə görə, hakimiyyət əsir düşmüş hərbçilər və dinc sakinlərin dərhal qaytarılmasına, onlara sosial təminatların verilməsinə çalışır.
Paşinyan onu da qeyd edib ki, 2021-ci ilin iyununda yol xəritəsinin icrasına dair hesabat təqdim edəcək. Bunun əsasında gələcək addımlar müəyyənləşdiriləcək, ictimai fikir və reaksiyalar nəzərə alınacaq.
Bu arada Ermənistanda istefalar davam edir. Parlament sədrinin müşaviri Aşot Qulyan vəzifəsindən getməklə bağlı ərizə yayıb və bu haqda “Facebook” səhifəsində məlumat açıqlayıb. Onun sözlərinə görə, istefa ərizəsini çoxdan yazıbmış, ancaq spiker Ararat Mirzoyanın səhhətilə əlaqədar indi açıqlayır. Qulyan bu vəzifədə gələcək fəaliyyətini məqsədəuyğun saymadığını qeyd edir. “Bu fəaliyyət özəlliklə müharibə günlərində daha səmərəli ola bilərdi və olmalıdır”, – Qulyan yazıb.
Mirzoyan noyabrın 10-na keçən gecə, Dağlıq Qarabağda atəşkəs bəyanatı açıqlanandan sonra Yerevanda etirazçılar tərəfindən döyülüb.
Daha bir nazir istefa verib
Fövqəladə Hallar naziri Feliks Tsolakyan isə noyabrın 17-də istefa verib. 2018-ci ildən nazir postunda olan Tsolakyan həmin gün cəbhə xəttindən qayıtmış xilasedicilərlə görüşündə artıq azad olduğunu acıqlayıb.
Feliks Tsolakyan Paşinyan hökumətinin istefaya gedən ikinci naziridir. Noyabrın 16-da Zohrab Mnatsakyan Xarici İşlər naziri postundan istefa verib.
Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-da döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya başçılarının adından yayılmış atəşkəs bəyanatına görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.
Bu bəyanat Azərbaycanda Ermənistanın “kapitulyasiya sənədi” kimi təqdim olunub. Yerevanda isə sənəd etirazla qarşılanıb, müxalifət partiyaları Baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər. Prezident Armen Sarkisyan erkən parlament seçkilərinin “qaçılmaz” olduğunu deyib.
AzadlıqRadiosu