Arqentina Maradona üçün ağlayır – ölkədə matəm elan olundu

Əfsanəvi futbolçu Diego Maradona Buenos-Ayresdə 60 yaşında vəfat edib. Ailəsi və həmkarları onun ürək tutmasından öldüyünü bildirib.

 

“Əlbətdə ki, nə vaxtsa topu birlikdə səmaya göndərəcəyik” – deyə, başqa bir əfsanəvi futbolçu, braziliyalı Pele Maradonanın ölümünə münasibət bildirib.

 

Ole qəzetinin yazdığına görə, futbolçu bir neçə gün əvvəl keçirdiyi beyin əməliyyatından sonra ev şəraitində müalicə olunurmuş.

 

Çərşənbə günü Argentina mətbuatı futbolçunun vəziyyətinin ağır olduğunu bildirib. Ayın 25-də futbolçu vəfat edib.

 

Argentinada üç günlük matəm elan edilib.

 

Maradona 1977-1994-cü illərdə Argentina millisində oynamış və iki il millinin baş məşqçisi vəzifəsində çalışıb.

 

Boca Juniors, Barcelona, ​​Napoli və Sevilla da daxil olmaqla bir neçə klubda oynayıb.

 

Argentina millisinin tərkibində Maradona 1986-cı ildə futbol üzrə dünya çempionu olub və futbol tarixinin ən yaxşı oyunçularından biri sayılıb.

 

1990-cı ildə Argentina millisinin kapitanı idi və komandasını Almaniyaya məğlub olduğu finala qədər gətirib çıxarmışdı.

1994-cü ildə yenidən milli komandanın kapitanı təyin edilib, ancaq narkotik testindən keçmədiyi üçün çempionatda iştirakdan imtina etmək məcburiyyətində qalıb.

Karyerasının sonrakı mərhələlərində Maradona kokainə aludə olub. 1991-ci ildə analizlərində narkotik aşkar edildikdən sonra futbol yarışlarından 15 ay müddətinə kənarlaşdırılıb.

 

1997-ci ildə, 37 yaşında Maradona peşəkar futboldan uzaqlaşıb. 2008-ci ildə millinin baş məşqçisi təyin edilib, lakin 2010-cu ildə komandası Almaniyaya 1/4 finalda məğlub olduqdan sonra bu vəzifədən gedib.

 

Daha sonra Maradona BƏƏ və Meksika komandalarının  məşqçisi olub.