Fransa səfirliyi qarşısında aksiya keçirilib
Noyabrın 26-da saat 12:00-da Fransanın Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Fransa Senatının Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı hökumətə tövsiyə barədə qətnamə qəbul etməsinə etiraz ediblər. Onlarla adam “Fransa, ədalətli ol!”, “Fransa, beynəlxalq hüquqa hörmət et!» şüarlarını səsləndiriblər.
Aksiya iştirakçıları Azərbaycanın 40 QHT-si adından öz qətnamələrini oxuyublar, onu səfirliyin nümayəndəsinə təqdim ediblər.
Sənəddə Fransa Senatının qətnaməsi pislənir, “beynəlxalq hüquqa qarşı təcavüz və korrupsiya aktı” kimi tövsif edilir.
Sənəddə qeyd olunur ki, Senatın qətnaməsi noyabrın 9-da hərbi əməliyyatların dayandırılması haqda sülh sazişinə cavab olaraq qəbul edilib və müharibənin qızışdırılmasına yönəlib, Fransanın maraqları erməni lobbisinə qurban verilib.
Aksiyanın qətnaməsində Senatın Azərbaycanın suverenliyinə qəsd edən hərəkətləri pislənilir, beynəlxalq hüquqa zidd olan qərarın ləğvi tələb olunur.
Aksiya iştirakçıları Fransanın ATƏT-in Minsk Qrupundakı vasitəçilik missiyasından imtina etməyə, Azərbaycanın Parisdəki səfirini geri çağırmağa və Paris ilə diplomatik münasibətləri dayandırmağa, həmçinin Senatın qətnaməsi ləğv edilənədək Azərbaycan-Fransa parlament qrupunun fəaliyyətini dayandırmağa çağırıblar.