Müsavat başqanı müharibədə nailiyyətlərimiz və itkilərimiz haqda danışdı
Müsavat Partiyasının başqanı Arif Hacılı AzadlıqRadiosuna deyib ki, Azərbaycanın qazancları çoxdur: “Əvvəla, işğal altında olan 12 min kvadratkilometrlik ərazinin 9 min kvadratkilometri işğaldan azad olundu və yeddi rayonumuz tam şəkildə nəzarətimiz altına keçdi. Bundan başqa, Azərbaycan Ermənistan havadarlarının basqılarına rəğmən, haqlı olduğunu sübut etdi”.
A.Hacılının sözlərinə görə, Azərbaycan beynəlxalq aləmdə ona dost olan və olmayan ölkələri də tanıyıb: “Azərbaycanla Türkiyənin dostluq, əməkdaşlıq, o cümlədən hərbi əməkdaşlıq münasibətləri ciddi şəkildə yüksəldi. Bundan başqa, Ukrayna ilə, İsrail ilə, Pakistanla münasibətlərimizdə yeni çalar üzə çıxdı. Gələcək üçün Azərbaycanın müttəfiqi olan bu və digər ölkələrlə əməkdaşlıq perspektivlərimizi artırdı. Hesab edirəm ki, bütün bunlar bizim qazancımızdır”.
Müsavat başqanın fikrincə, Azərbaycan dünya birliyində öz yerini təsdiq edən, öz ərazilərini işğalından qorumağa qadir olan bir dövlət olduğunu sübut edib.
“Siyasi mənada böyük itkimiz Rusiya silahlı qüvvələrinin…”
A.Hacılının sözlərinə görə, Azərbaycanın ən böyük itkisi vətən uğrunda həlak olan insanlardır: “Ən böyük itkimiz bizim şəhidlərimizdir. 2 min 783 şəhidimiz var, itkin düşənlərimiz var, minlərlə yaralımız var. Ən böyük itkilərimiz odur. Bundan başqa, siyasi mənada böyük itkimiz Rusiya silahlı qüvvələrinin yenidən Azərbaycan ərazisinə qayıtmasıdır. Bu, çox ciddi məsələdir. Xalqımızın, dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri bu qoşunların Azərbaycan ərazisindən çıxması və Azərbaycanın suveren hüquqlarının yalnız Aran Qarabağda yox, eyni zamanda, Yuxarı Qarabağ əraziləri olan Xankəndidə, Xocavənddə, Xocalıda, bütün Azərbaycan ərazisində tam şəkildə tətbiq olunmasına nail olmaqdır”.
Azadlıq radiosu