Azərbaycanın da alacağı Covid-19 peyvəndi Çindən Türkiyəyə göndərildi
Çindən sifariş edilən Covid-19 peyvəndinin birinci hissəsi çərşənbə günü Türkiyəyə çatıb.
Anadolu Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”-nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlıya istinadən yazır ki, Azərbaycan peyvəndlənmə işlərində “Türkiyə ilə birgə hərəkət edəcək”.
“Türkiyədə iki peyvəndin 3-cü mərhələsinin işləri aparılmaqdadır. Eyni vaxtda, türk alimlərin ortaya çıxardıqları peyvəndlər var. Türkiyənin seçdiyi peyvəndə etibar edirik. Biz də eyni peyvənddən almağa qərar verdik. Bu mövzuda razılaşmalar da əldə edilib. Bütün sahələrdə olduğu kimi, pandemiya ilə mübarizədə də qardaş Türkiyə ilə birgə işləyəcəyik. Türkiyə və Azərbaycan vətəndaşları eyni vaxtda peyvəndlənməyə başlayacaqlar. Ölkəmizdə peyvəndlənməyə yanvar ayının əvvəlindən başlanılmasını gözləyirik”.
Onun sözlərinə görə, Azərbaycanda peyvəndlənmə işləri pulsuz aparılacaq.
BBC