Nümayəndələr Palatası Trampın impiç olunmasına səs verdi
ABŞ Konqresinin Nümayəndələr Palatası çərşənbə günü Prezident Donald Trampın Amerika tarixində indiyə qədər presedenti olmayan şəkildə ikinci dəfə impiç olunmasına səs verib. Palatada səs çoxluğu təşkil edən Demokratlar Trampı ABŞ Kapitoli binasına insan ölümünə səbəb olan hücuma təşviq edərək üsyan qaldırmaqda günahlandırıblar.
Səsvermə 232 lehinə, 197 əleyhinə səslə başa çatıb.
Palatada 10 Respublikaçı nümayəndə impiçmentin lehinə səs verərək Demokratlara qatılıb.
Beləliklə, Tramp ABŞ-ın 245 illik tarixində 45 prezident arasında ilk prezidentdir ki, ikinci dəfə impiç oluur.
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Trampı “azadlıq, özünü idarəetmə və qanunun aliliyi”nə hədə adlandırıb.
Lakin Trampın sadiq tərəfdarı, Ohayo ştatından Konqresmen Cim Cordan impiçmentin “ölkəni birləşdirmədiyini” bildirib.
Nümayəndələr Palatasında əksəriyyət təşkil edən Demokratlar impiçmenti təsdiq etmək üçün kifayət qədər səsə malik olublar.
Bununla yanaşı birinci impiçment səsverməsindən fərqli olaraq bu dəfə az sayda Respublikaçı nümayəndə impiçmentə dəstək verərək Demokrat həmkarlarına qoşulub.
Respublikaçı nümayəndə Ceymi Herrera Batler çərşənbə axşamı Trampın “andına zidd hərəkət etdiyini” deyərək, impiçmentə səs verəcəyini elan edib.
“Birləşmiş Ştatların prezidenti hakimiyyətin bir administrasiyadan digərinə dinc yolla ötürülməsini dayandırmaq üçün qarışıqlıq yaratdı”, o bildirib.
Respulikaçılar partiyasının Nümayəndələr Palatasında rəhbər komandasının üzvü Liz Çeyni də impiçmenti dəstəkləyərək, ABŞ tarixində prezident tərəfindən “bundan daha böyük xəyanət” olmadığını deyib.
Digər Respublikaçı konqresmenlər Con Katko, Adam Kinzinger və Fred Upton da öncədən Trampın impiç edilməsinə səs verəcəklərini bildiriblər.
Trampın yaxın müttəfiqi, Nümayəndələr Palatasında Respublikaçıların lideri Kevin Makkarti bildirib ki, “indiki anda impiçment ölkəni birləşdirməyərək, əks təsir göstərəcək.”
Tramp çərşənbə axşamı ABŞ-Meksika sərhədini ziyarət edərkən buna bənzər mesaj verib.
“Bu, insanların çoxunun anlaya biləcəyindən daha çox qəzəbə, bölünməyə və ağrıya səbəb olur, bu da ABŞ üçün çox təhlükəlidir, xüsusilə də belə bir həssas zamanda,” Tramp bildirib.
Nümayəndələr Palatasındakı Respublikaçılar Ukraynaya Demokrat Co Baydeni araşdırmaq üçün təzyiq göstərdiyinə görə keçən il Trampın impiçmentinə qarşı qəti şəkildə səs verdikləri halda Senatdakı Respublikaçı liderlər partiyadan olan nümayəndələrə impiçmentin əleyhinə səs vermələri üçün təzyiq göstərmək niyyətində olmadıqlarına işarə ediblər.
Nümayəndələr Palatası impiçmenə səs verdikdən sonra məsələ Senat məhkəməsinə çıxarılmalıdır.
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi çərşənbə axşamı impiçment prosesini aparan doqquz nəfərlik qrupa Konqres üzvü Ceymi Raskinin rəhbərlik edəcəyini elan edib.
Nümayəndələr Palatasının liderlərinin impiçment qərarını dərhal Senata göndərib-göndərməyəcəyi aydın deyil, belə ki, Trampın hakimiyyətdə müddəti gələn həftə bitir. Lakin Tramp hakimiyyətdən getsə belə, Senat məhkəməsində verilə biləcək hökm onun yenidən federal hökumətdə vəzifə tutmasına qadağa qoya bilər.
İmpiçment qətnaməsi Nümayəndələr Palatasında Demokratların Kapitoliyə hücuma cavab olaraq prezidentin vəzifəsindən kənarlaşdırılması üçün seçdiyi iki yoldan ikincisidir.
Nümayəndələr Palatası çərşənbə axşamı vitse-prezident Mayk Pensi və Trampın kabinet üzvlərini onun öz səlahiyyətlərini yerinə yetirməyə qadir olmadığına görə vəzifəsindən uzaqlaşdırılması üçün onların Konstitusiyaya əsasən öz səlahiyyətlərindən istifadə etməsinə çağıran qətnamə qəbul edib.
Vitse-prezident Pens Nümayəndələr Palatasında çərşənbə axşamı səs vermədən əvvəl spiker Pelosiyə məktub göndərərək, ABŞ Konstitusiyasının vitse-prezident və kabinet üzvlərinin əksəriyyətinin prezidentin səlahiyyətlərini yerinə yetirməyə qadir olmadığına görə vəzifəsindən uzaqlaşdırılmasına imkan verən 25-ci düzəlişdən istifadə etmək istəmədiyini izah edib.
İmpiçment qətnaməsində Trampın səsvermə və səslərin hesablanmasında pozuntulara görə onun ikinci dəfə seçilməməsinə dair əsassız ittihamları, Corciya ştatında seçki rəsmilərinə Baydenin ştatda üstünlüyünü dəyişmək üçün 11 mindən çox səs “tapmaq” üçün təzyiq göstərməsi və keçən həftənin çərşənbə günü mitinq zamanı minlərlə tərəfdarını seçki nəticələrini ləğv etmək üçün qanunvericilərə təzyiq göstərmək məqsədilə Kapitoliyə yürüş etməyə çağıran bəyanatları qeyd edilir.
Nümayəndələr Palatasının qərarı ötən həftə Tramp tərəfdarlarının Kapitoliyə basqın etməsindən bir həfətə sonra verilib. Basqın Amerika demokratiyasının simvolu kimi tanınan Konqres binasında Demokrat Co Baydenin Donald Tramp üzərində noyabr seçkilərində qələbəsi sertifikatlaşdırılan zaman baş vermişdi.
6 yanvarda Trampın çox sayda tərəfdarı Kapitolidəki bəzi konqresmen ofislərinə soxulmuş, ərazini zibilləmiş və polislə əlbəyaxa olmuşdu. İğtişaşlar əsnasında dörd etirazçı və bir polis zabitinin həyatına son qoyulub.