MSDM Əliyev-Paşinyan-Putin görüşünün nəticələrini müzakirə edib
MSDM-in 11 yanvar 2021-ci il tarixli üçtərəfli Moskva görüşünə münasibəti açıqlanıb. Qurumin sədri İsa Qəmbərin feysbuk hesabında yayılan məlumatda bildirilir ki, Milli Strateji Düşüncə Mərkəzi Moskva görüşünü və görüşdə Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən imzalanmış bəyanatı müzakirə edib.
Tərəflərin görüşdən əvvəlki günlərdə, görüşün açılışında və yekununda edilən açıqlamalarının təhlili nəticəsində MSDM hesab edir ki:
1. Heç bir tərəf özünün bəyan etdiyi əsas məqsədinə çatmadı.
2. Rusiya “sülhməramlılar”ın statusunda irəliləyiş əldə edə bilmədi. Ermənistanın bu mövzuda Moskvaya tam loyal olduğunu nəzərə alsaq, bunun qarşısını alan tərəfin Azərbaycan olduğu aydınlaşır.
3. Ermənistan əsirlərin dəyişməsi məsələsində təkidli olsa da irəliləyiş əldə edə bilmədi. Rusiyanın bu məsələdə İrəvana tam dəstəyi sirr olmadığı üçün Azərbaycanın öz şərtlərini irəli sürdüyünü ehtimal etməyə əsas var.
4. Azərbaycan Qarabağın dağlıq hissəsində suverenlik istiqamətində heç bir irəliləyiş əldə edə bilmədi. Bu məsələdə digər iki tərəfin hər ikisinin (Ermənistanın açıq, Rusiyanın susqun) Bakıya əks mövqedə olduqlarını söyləyə bilərik.
5. Hər üç tərəfin maraqlarına cavab verə biləcək bircə məsələ vardı: kommunikasiyaların açılması. Bu məsələdə şərti irəliləyiş oldu. İşçi qruplar, ekspert qrupları, komissiyalar və sairənin yaradılması haqda qərar onu göstərir ki, bu mövzunun yaxın müddətdə həll edilməsi asan olmayacaq. Kommunikasiyalar məsələsində hər tərəfin öz prioritetləri var, hər prioritetə qarşı digər ən azı bir tərəfin şərtləri var.
Eyni zamanda qeyd etmək olar ki, hər üç tərəf bəyan etmədikləri hədəflərinə çatdılar.
V.Putin Qarabağ məsələsində əsas söz sahibi olmaq iddiasını tərəflərə və bütün dünyaya nümayiş etdirdi.
N.Paşinyan “xain olmadığını” erməni cəmiyyətinə nümayiş etdirdi.
İ.Əliyev suverenlik istiqamətində irəliləyiş olmadan “sülhməramlılar”la bağlı güzəştə getmək niyyətində olmadığını Azərbaycan ictimaiyyətinə nümayiş etdirdi.
Lakin Azərbaycan ictimaiyyətini ciddi şəkildə narahat edən problemlər davam edir.
1. Rusiya hərbçilərinin “sülhməramlı” adı altında beynəlxalq hüquqa, Azərbaycan Konstitusiyasına və hətta 10 noyabr üçlü gecə razılaşmasının müvafiq müddəalarına zidd olaraq ölkəmizə müdaxilə etməsi,
2. Qarabağın dağlıq hissəsində dövlət suverenliyinin faktiki olaraq Rusiyanın inhisarına keçməsi,
3. Azərbaycan əhalisinin Xankəndiyə və işğalda qalan digər ərazilərimizə qayıtması ilə bağlı addım atılmaması və hətta bunun müzakirə edilməməsi,
4. 1988-ci ilin son iki ayında Ermənistandan zorla çıxarılan azərbaycanlı əhalinin öz yurdlarına qaytarılması və onların təhlükəsizliyinin Qarabağın dağlıq hissəsindəki erməni əhalisi ilə eyni vaxtda simmetrik qaydada həll olunması məsələsi və bir sıra digər problemlər diqqətdən kənarda qala bilməz.
Azərbaycan xalqının suveren hüquqları və qanuni maraqları ilə bağlı bu problemləri susmaqla və yaxud yalnız qapalı otaqlarda səsləndirilməklə deyil, açıq şəkildə bəyan edilməklə, xalqa arxalanmaqla, beynəlxalq hüquqa əsaslanmaqla həll edilə bilər.
Bütövlükdə görünən budur ki, 1994-cü il Bişkek atəşkəs razılaşmasından sonra 26 il davam edən, konfliktin həll edilməsinə deyil, idarə edilməsinə yönəlmiş danışıqların imitasiyası mərhələsinin yenidən başlaması təhlükəsi var.
MSDM bir daha bəyan edir ki, bu təhlükənin qarşısının alınmasının, on illərlə sürən imitasion deyil, gerçək və səmərəli danışıqların aparılmasının bir yolu var:
Danışıqlar vasitəçilər olmadan, Ermənistan və Azərbaycan arasında ikitərəfli və birbaşa aparılmalıdır.