Azərbaycanda suyun qiyməti ikiqat bahalaşdı
Tarif Şurasının bazar günü, yanvarın 31-də açıqladığı məlumata əsasən, fevralın 1-dən etibarən əhali üçün içməli suyun qiyməti ikiqat artırılıb.
Belə ki, Tarif Şurasının iclasında “Azərsu” ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.
İndiyədək qüvvədə olan tariflərə görə isə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün bir kubmetr suyun qiyməti 35 qəpik, digər inzibati ərazi vahidləri üçün 30 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi ölkə üzrə bir kubmetr üçün 15 qəpik səviyyəsində olub.
Tullantı sularının axıdılması tarifi digər abunəçilərə suyun bir kubmetri üçün 1 manat səviyyəsində qalıb.